logo

Bakıda isveçrəli və azərbaycanlı fotoqrafların müştərək sərgisi açılıb

22:21 23-01-2019 | icon 4949
Bakıda isveçrəli və azərbaycanlı fotoqrafların müştərək sərgisi açılıb

Yanvarın 23-də Müasir İncəsənət Muzeyində isveçrəli fotoqraf Sedrik Kristofer Merklinin “Yustistalda pendir bölüşdürülməsi” və azərbaycanlı fotoqraf Elmar Mustafazadənin “Sənətkarlıq ustaları” adlı fotosərgiləri açılıb.

YeniAvropa xəbər verir  ki, sərgilər İsveçrənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə reallaşıb.

İsveçrənin Azərbaycandakı səfiri Filip Ştalder tədbirdə çıxış edərək iki ölkə arasında mədəni müstəvidə inkişaf edən münasibətlərdən söz açıb. Bildirib ki, bu ay ölkələrimiz arasında diplomatik əlaqələr baxımından məhsuldar ay olub.

Sərgi ilə bağlı fikirlərini bölüşən diplomat deyib ki, o, bu tədbiri təkcə yaradıcılıq baxımından deyil, həm də Azərbaycan və İsveçrə rəssamlarını bir araya gətirdiyinə görə çox sevir: “Bu, həqiqətən də birgə layihədir. Bu, Azərbaycanın Müasir İncəsənət Muzeyi ilə bizim ilk əməkdaşlığımızdır və muzeyin direktoru Xəyyam Abdinovla apardığımız müzakirələrin bəhrəsidir. Bu birgə layihəyə görə muzeyə və onun rəhbərliyinə minnətdarlığımı bildirirəm”.

Tədbirdə hər iki fotoqraf çıxış edərək sərgi haqqında məlumat verib, göstərilən dəstəyə görə aidiyyəti təşkilatlara təşəkkür ediblər.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Sərgi fevralın 5-dək davam edəcək.