logo

İran-Azərbaycan əlaqələri hazırda ən yüksək səviyyəyədək inkişaf edib

11:58 14-01-2019 | icon 112091
İran-Azərbaycan əlaqələri hazırda ən yüksək səviyyəyədək inkişaf edib

     Son illər Azərbaycanın ən yaxın qonşu dövləti olan İranla əlaqələrində bir dinamika hiss olunmaqdadır. Dövlət başçıları və  xarici işlər nazirləri arasında ikitərəfli  və coxtərəfli formatlarda keçirilən görüşlər, eləcə də müxtəlif dövlət strukturlarının rəhbərləri səviyyəsində olan qarşılıqlı səfərlər, keçirilən intensiv görüşlər,  həmin görüşlərdə əldə olunan razılaşmalar, həyata keçirilən müştərək layihələr rəsmi Bakı ilə Tehran arasındakı əlaqələrin indiyədək görünməmiş səviyyəyə yüksəlməsindən xəbər verir. İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə ilə söhbətimizdə elə bu suallara cavab tapmağa çalışdıq...

 -Cənab səfir, Azərbaycan Respublikası ilə Iran Islam Respublikası arasındakı siyasi, iqtisadi, mədəni və digər sahələrdəki mövcud əlaqələrin səviyyəsini necə qiymətləndirirsiniz?

-Əvvala onu qeyd edim ki, Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra iki ölkə arasında əlaqələr sürətlə inkişaf etməyə başladı. İldən-ilə bu əlaqələr daha da genişləndi. Hazırda İranla Azərbaycan arasındakı siyasi, iqtisadi, ticari, eləcə də digər sahələrdəki əlaqələr ən yüksək səviyyədədir. Siyasi əlaqələrimizi sadalamağa ehtiyac yoxdur. Son bir ilə nəzər salaq. Prezidentlərin qarşılıqlı səfərləri,  müxtəlif sahələr üzrə nazirlərimiz hər iki ölkəyə səfərləri, ən son olaraq Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun İrana səfəri ölkələrimiz arasında siyasi əlaqələrin göstəricisidir. Bunlar öz yerində. Əgər statistikaya nəzər salsaq, görərik ki, iki ölkə arasındakı iqtisadi əlaqələr ildən-ilə artır. Məsələn, 2017-ci ildə olan iqtisadi əlaqələrimizdə 2016-cı ilə nisbətdə 40 % artım müşahidə edilib. Ötən ilin son rəqəmləri açıqlanmasa da, hesab edirəm ki, 2018-ci ildə də o biri illə müqayisədə 30-40% artım olacaqdır.

Yeri gəlmişkən qeyd edim ki, İran-Azərbaycan iqtisadi ilaqələri ilk illərdə yalnız ticarət sahəsində idi və əsasən idxal-ixrac əmaliyyatları üzərində qurulurdu. Lakin sonrakı illərdə bu əməkdaşlıq müştərək investisilarla əvəzləndi. Buraya neft–qaz sahəsindəki müştərək əməkdaşlıq əlavə olundu. Daha sonra digər investisiya layihələri gəldi. Hazırda Azərbaycanda İran investisiyası əsasında iki zavod-Neftçalada avtomobil və Bakıda dərman istehsalı zavodları inşa edilməkdədir. 

Burada bir haşiyə çıxmaq istərdim. Adətən dövlərlər arasındakı iqtisadi əlaqələrin statistikası  həmin ölkələrin gömrük orqanlarının təqdim etdikləri məlumatlar əsasında formalaşır. Lakin Azərbaycanla İran arasındakı əlaqələr o qədər dərin və çoxşaxəli inkişaf edib ki, burada yalnız gömrük orqanlarının statistikası yetərli deyil. Məsələn,az əvvəl söylədiyim investisiyalar bu statistikadan kənarda qalır. Bundan əlavə, hazırda Azərbaycanın İranla həmsərhəd bölgəsinin vətəndaşları sərbəst şəkildə İran ərazisinə keçib, orada ticarət edə bilirlər. Lakin bunlar gömrük rəqəmlərində öz əksini tapmır. Eləcə də götürək səhiyyə xidmətlərindən istifadəni,  yaxud ölkə ərazisində qısamüddətli səfərləri. Bunların heç biri iki ölkə arasında turizm sahəsində əməkdaşlığa dair statistikada nəzərə alınmır. Halbuki, ötən ilin ilk 11 ayında 1 milyon 100 mindən artıq Azərbaycan vətəndaşı İranda qısamüddətli səfərdə olub.

Buraya daha bir məqamı əlavə etmək lazımdır. İran və Azərbaycanın müştərək iştirak etdiyi  və töhfələr verdiyi beynəlxalq layihələr var. Bunlardan biri də “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsidir. Bu layihənin reallaşmasından sadəcə ölkələrimiz deyil, həm də layihənin əhatə etdiyi ölkələr- Rusiya, Çin, Hindistan və digər ölkələr də fayfalanacaqlar, iqtisadi dividentlər əldə edəcəklər.        

Mədəniyyət sahəsində əlaqələrimizdə də inkişaf var.  2018-ci ildə Azərbaycanda “İran Mədəniyyət Günləri” çox yüksək səviyyədə keçdi.  Bir sözlə, ölkələrimiz arasında əlaqələr bütün sahələrdə ildən-ilə daha da genişlənir. Prezidentimiz Həsən Ruhani, eləcə də xarici işlər nazirimiz Məhəmməd Cavad Zərif öz çıxışlarında dəfələrlə vurğulayıblar ki, İranla Azərbaycan arasındakı əlaqələr ötən 26 ildə heç bu qədər inkişaf etməmişdi, nəinki son bir ildə! Mən isə bir səfir olaraq deyə bilərəm ki, bu son hədd deyil və biz bu əlaqələri daha da inkişaf etdirə bilərik. Odur ki, belə hesab edirəm ki, qarşıdakı illərdə ölkələrimiz arasındakı əlaqələr daha sıx və intensiv olacaqdır.

 -Necə düşünürsüz, iqtisadi əlaqələrimizin daha da inkişafına mane olan əngəllər hansılardır?Bunlar bürokratik maneələrdir, yoxsa qanunvericiliklərdəki boşluqlardır?

- Deməzdim ki, bunlar bürakratik əngəlliklərlə bağlıdır. Çünki dövlətlərin iradəsi hər iki tərəfdə ortadadır və əməkdaşlıqda maraqlıdırlar. Elə götürək İran tərəfini. İran Azərbaycana 3 milyard dollardan artıq sərmayə yatırıb.Və bunları artırmaqda davam edir.Yuxarıda sadaladığım layihələrdən əlavə İran tərəfi Azərbaycanda müştərək avtobus istehsal etmək niyyətindədir. Artıq iqtisadiyyat naziri Şahin Mustafayevlə bu məsələ ilə bağlı müzakirələr aparılıb. Yaxın gələcəkdə ola bilsin ki, Ələt İqtisadi Zonasında belə bir zavodun inşası müzakirə mövzusudur.

 Düşünürəm ki, iqtisadi əlaqəlimizin inkişafı üçün sahibkarlıq sektorundakı əlaqələri gücləndirmək lazımdır.Çünki, müasir dünya iqtisadiyyatı özəl sektorun üzərində qurulub. Bizim iş adamları daha sıx əmkdaşlıq etməlidirlər. Baxın, Azərbaycan tamamilə özünü kənd təsərrüfatı məhsulları il təmin edir, hələ üstəlik xaricə də məhsul ixrac edir. İranın bu sahədə çox böyük potensialı var və ildə 120 milyon ton məhsul istehsal olunur. 80 milyonluq xalq üçün bu çox böyük bir rəqəmdir. Odur ki, İran iş adamları, sahibkarlar, Azərbaycanın iş adamları ilə əlaqələri gücləndirməlidirlər, bəlkə də birgə müəssisələr yaradılmalıdır ki, həmin məhsulları regionun digər bazarlarına, məsələn Rusiyaya, Belarusa, başqa dövlətlərin bazarlarına çıxara bilsinlər.

Bundan əlavə, hazırda İranda irili-xırdalı 400 mindən artıq zavod və fabrik fəaliyyət göstərməkdədir. Burada müxtəlif çeşidlərdə məhsullar istehsal olunur. Həmin məhsulları Azərbaycan vasitəsilə region bazarlarına çıxarmaq mümkündür. Bu məqsədlə da ötən il İranda yeni tərkibdə Sənayeçilər Odası yaradıldı ki, bu işə təkan versin. Azərbaycanla əlaqələri daha da genişləndirsin, sahibkarlar arasında müştərək görüşlər keçirsin, qarşılıqlı surətdə sərgilər, biznes-forumlar təşkil etsin. Düşünürəm ki, çox yaxın zamanlarda biz bu sahədə də inkişafın  şahidi olacağıq. 

   -Özünüz də qeyd etdiniz ki, iqtisadi əməkdaşlığın inkişafında müştərək sərgilərin təşkilinin mühüm rolu var. Bu baxımdan 2019-cu ildə bu sahədə nə kimi yeniliklər olacaq?

-İran şirkətləri bir qayda olaraq, Azərbaycanda keçirilən bütün beynəlxalq sərgilərdə təmsil olunurlar. Eyni zamanda, Bakıda, eləcə də regionlarda,  ayrıca sahəvi sərgilər də təşkil olunur. 2019-cu il də bu baxımdan istisna deyil. Cari ildə Bakıda  abtomobillər ehtiyyat hissələri və daşınmaz əmlak sahəsində iki ayrıca sahəvi sərginin təşkili planlaşdırılır.

Məlumat üçün qeyd edim ki, İranda tikinti sektoru, ümumiyyətlə inşaat məhsullarının istehsalı sahəsində çox böyük irəliləyiş var. İran tərəfi bu təcrübəni Azərbaycanla bölüşmək, Azərbaycan vasitəsilə region bazarlarına çıxmaqda maraqlıdır. Ola bilsin ki, burada birgə müəssisə qurmaq, həmin məhsulları Azərbaycanda istehsal edib qonşu ölkələrə satmaq daha faydalı ola bilər. Bütün bunları gələcək əməkdaşlığımız göstərəcək. Əsas odur ki, belə bir niyyət var və hər iki tərəf bu bu əməkdaşlıqdan maksimum faydalana bilər.   

-Cənab səfir,söhbətimizdən belə aydın olur ki, İran daha çox Azərbaycanla iqtisadi sahədə əməkdaşlığa maraq göstərir. Bəs siyasi sahədə necə? Məsələn, İranın  Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı rəsmi mövqeyini necə şərh etmək olardı?

-İran  hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və hər zaman bunu bəyan etməkdədir. Son vaxtlar keçirilən rəsmi görüşlərə nəzər yetirin. Ötən il oktyabrın 30-da İstanbulda keçirilən xarici işlər nazirləri- Məhəmməd Cavad Zərif, Elmar Məmmədyarov və Mövlud Cavuşoğlu arasındakı üçtərəfli görüşündə İranın mövqeyi açıq səsləndirildi. Rəsmi Tehran  regionda sülhün təmin olunmasında, münaqişələrin sülh yolu ilə həllinə maraq göstərir. Çünki İran özü müharibə görmüş, günahsız insan tələfatı vermiş bir dövlətdir. Müharibə uşaqların yetim qalması, qaçqın və köçkünlər insanların sayının artması deməkdir. Odur ki, İran özünə dost və qardaş bildiyi Azərbaycana heç zaman bunu arzulamaz. Əksinə, biz arzu edirik ki, bu çətinliklər qardaş Azərbaycandan uzaq olsun, regionda sülh və təhlükəsilik hakim olsun. Bunu cənab Zərif üçtərəfli görüşdən sonra KİV-ə müsahibəsində də xüsusi olaraq vurğuladı. Qeyd etdi ki, İran regionda sülhün bərqərar olması üçün əlindən gələni etməyə hazırdır.

Yeri gəlmişkən , qeyd edin ki, Azərbaycan, İran və Türkiyənin xarici işlər nazirlərinin növbəti görüşü bu il İranda keçiriləcək.

Bundan əlavə, İran, Azərbaycan və Rusiyanın dövlət başçılarının da üçtərəfli görüşü gündəmdədir. Bu formatda növbəti görüşə Rusiya tərəfi ev sahibliyi edəcək.      

Biz çox şadıq ki, bu gün Azərbaycanla İran arasında olan əlaqələr belə çox yüksək səviyyədədir. Bizim regionda nə qədər sülh olarsa, bir o qədər də inkişaf olacaqdır. Xalqlarımız təhlükəsiz və firavan yaşayacaqdır. 

Əbəs yerə deyildi ki, ötən ilin martında prezident Həsən Ruhani Azərbaycana son səfəri zamanı Heydər Əliyev Mərkəzində çıxışı zamanı bildirdi ki, rəsmi Tehran Azərbaycanın təhlükəsizliyini, əmin-amanlığını, inkişafını öz təhlükəsizliyi və inkişafı hesab edir.

Düşünürəm ki, İran və Azərbaycanın dövlət başçıları arasındakı mövcud olan belə ali münasibətlər  bundan sonra daha da inkişaf edəcək və xalqlarımızın, iki qardaş dövlət olan Azərbaycan və İranın mənafelərinə xidmət edəcəkdir.