logo

“KiViN-2019” yubiley festivalında Bakını üç komanda təmsil edəcək

20:51 10-01-2019 | icon 4879
“KiViN-2019” yubiley festivalında Bakını üç komanda təmsil edəcək

Yanvarın 12-dən 25-dək Soçidə Şən və Hazırcavablar Klubu komandalarının XXX Beynəlxalq yubiley festivalı (“KiViN-2019”) keçiriləcək. Festivalda Azərbaycanı üç komanda – “Krasnodar diyarı qubernatorunun Kuboku” Beynəlxalq festivalının laureatı “Bakı bulvarı”, Şən və Hazırcavablar Klubu komandaları Azərbaycan Regional Liqasının ikiqat çempionu “AzNeft” və liqanın 2016-cı il çempionu “BDU yığması” təmsil edəcəklər.

Azərbaycan Şən və Hazırcavablar Klubunun mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, bu, Azərbaycan Regional Liqası komandalarının “KiViN” festivalında artıq beşinci iştirakıdır.

Soçi festivalı beynəlxalq Şən və Hazırcavablar Klubu üçün ilin ən mühüm, kütləvi və əlamətdar hadisəsidir. Bu, qazandığı nailiyyətlərdən asılı olmayaraq, bütün komandalar üçün ənənəvi startdır. Məhz bu səbəbdən hər il festivala Rusiya, yaxın və bəzən uzaq xarici ölkələrdən yüzlərlə komanda gəlir. Builki festivalda müxtəlif ölkələrdən – Estoniya, Almaniya, Böyük Britaniya, İsrail, Özbəkistan, Qazaxıstan və digərlərindən 500-dən çox komanda iştirak edəcək.

Festival bir neçə turdan ibarətdir. İlk turun nəticələrinə görə komandalar müxtəlif statuslar alırlar. “Reytinq” onlara regionlararası və regional liqalarda iştirak hüququ verir. “Yüksək reytinq” sayəsində komandalar mərkəzi liqalarda çıxış edə bilərlər. İkinci tura yüksələn komandaları şəxsən Aleksandr Maslyakov qiymətləndirir. Onun yekunları Beynəlxalq, Birinci, Premyer və Ali televiziya liqalarına vəsiqə qazandırır.

Şən və Hazırcavablar Klubu komandalarının Azərbaycan Regional Liqası verdikləri dəstəyə görə Gənclər və İdman, Təhsil nazirliklərinə və Azərbaycan Gənclər Fonduna təşəkkürünü bildirir.