logo

Nobel prospektində yenidən çökmə baş verib

14:15 03-01-2019 | icon 3710
Nobel prospektində yenidən çökmə baş verib

Nobel prospektində baş verən çökmə ilə bağlı tədbirlər görülür.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən YeniAvropa-ya  bildirilib ki, Nobel prospektində çökmə baş verən kimi dərhal əraziyə agentliyin əməkdaşları cəlb olunub və çökmənin səbəbləri araşdırılıb. Aidiyyəti qurumların mütəxəssislərinin də cəlb olunduğu araşdırma zamanı yolun altında qrunt sularının axıntısı müəyyən edilib. Ehtimal olunur ki, qrunt suları 24 metr dərinlikdən keçən kanalizasiya kollektoruna axır. Axıntı zamanı sular özü ilə bərabər torpağı da yuyub apardığı üçün yolda çökmə baş verib.

Hazırda ərazidə aidiyyəti qurum tərəfindən tədbirlər görülür, qrunt suların kollektora sızmasının qarşısını almaq üçün izolyasiya işləri aparılır. İşlər yekunlaşdıqdan və qrunt sularının sızmasının qarşısı tam alındıqdan sonra agentlik tərəfindən çökmüş hissə bərpa olunacaq.

Qeyd edək ki, ərazidə təhlükəsizliyin təmin olunması üçün müvəqqəti olaraq çökmüş hissə üzrə hərəkət zolağı ilə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.