logo

Gənc Tamaşaçılar Teatrı- 90 

20:33 07-12-2018 | icon 5425
Gənc Tamaşaçılar Teatrı- 90 

Dekabrın 7-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi təntənəli şəkildə qeyd edilib.

YeniAvropa xəbər verir  ki, yubiley gecəsində dövlət və hökumət üzvləri, Milli Məclisin deputatları, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə teatr sənətinin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə son illər aparılan islahatlardan, eləcə də Gənc Tamaşaçılar Teatrının tarixi keçmişindən, qazandığı uğurlardan söz açıb.

“Teatr sənəti Azərbaycan xalqının tarixində özünəməxsus yer tutur. Azərbaycan xalqı özünü teatrsız təsəvvür edə bilməz. Xalqımızın mədəniyyət tarixində teatrın böyük rolu var. 147-ci mövsümünü yaşayan Azərbaycan teatrı xalqımızın inkişafında əvəzsiz rol oynayıb. Bu il artıq 3-cü teatrın yubileyini qeyd edirik. Bu yubileylər öz-özlüyündə keçirilən yola yenidən nəzərə salmağa və gələcəyə doğru yeni istiqamətlər açmağa imkan verir. “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı teatrın simasını tamamilə dəyişib. Ötən 10 il ərzində bu sahədə inqilabi dəyişikliklər baş verib”, - deyə nazir diqqətə çatdırıb.

2018-ci ilin Azərbaycan teatr həyatı üçün xüsusilə əlamətdar bir il olduğunu söyləyən Ə.Qarayev deyib ki, ölkə başçısının müvafiq sərəncamları ilə bu il Mingəçevir və Sumqayıt Dövlət Dram teatrlarının 50 illik yubileyləri yüksək səviyyədə qeyd edilib.

90 yaşını qeyd edən sənət ocağında bugünədək 600-dək yeni səhnə əsərinin hazırlanmasına diqqət çəkən nazir deyib ki, teatr hər zaman istər böyüklər, istərsə də uşaqların ən sevimli məkanı olaraq qalır.

“Bu gün təkcə Gənc Tamaşaçılar Teatrının bayramı deyil, həm də Azərbaycan teatr həyatının, teatrsevərlərin bayramıdır. Bir daha hamınızı bu bayram münasibətilə təbrik edir, Azərbaycan teatrının inkişafı uğrunda göstərdiyiniz dəyərli xidmətlərə görə, hamınıza təşəkkür edirəm. Teatrın kollektivinə yaradıcılıq uğurları arzulayıram, bayramınız mübarək”,-deyə Əbülfəs Qarayev vurğulayıb.

Sonra teatrın repertuarında xüsusi yer tutan bir sıra səhnə əsərlərindən hissələr təqdim olunub.