logo

Dənizdə batmaq təhlükəsi ilə üzləşən balıqçılar xilas edilib

12:29 07-12-2018 | icon 3542
Dənizdə batmaq təhlükəsi ilə üzləşən balıqçılar xilas edilib

Xəzər dənizində, Heydər Əliyev adına Bakı dərin özüllər zavodu istiqamətində texniki nasazlıq səbəbindən batma təhlükəsi ilə üzləşən “SA-16129” nömrəli, “Yamaha-75” mühərrikli üzmə vasitəsinin iki nəfərdən ibarət heyəti kömək üçün Dövlət Sərhəd Xidməti (DSX) Sahil Mühafizəsinin sahil nəzarəti bölməsinə müraciət edib.

DSX-nin mətbuat mərkəzindən YeniAvropa-ya bildiriblər ki, sahil nəzarəti bölməsi xidmətdə olan sərhəd gözətçi gəmisinə təhlükə ilə üzləşən üzmə vasitəsinin koordinatlarını ötürüb.

Texniki nasazlıq səbəbindən Makarov bankasının qərb istiqamətində sahildən 13 mil məsafədə dənizdə qalmış balıqçı qayığı sərhəd gözətçi gəmisinin dalğalı hava şəraitində həyata keçirdiyi axtarış-xilasetmə tədbirləri nəticəsində aşkarlanıb. Gəmi tərəfindən üzmə vasitəsi yedəyə alınıb. Qayıqdakı iki nəfər xilas edilərək sərhəd gözətçi gəmisinin göyərtəsinə götürülüb.

DSX-nin hərbi qulluqçuları tərəfindən xilas edilmiş şəxslər Bakı şəhər sakinləri Ququşev Nikolay Anatolyeviç və İbrahimov Ağasəf Sahib oğludur.