logo

Dünya şöhrətli macar pianoçusu Bakı səhnəsində

20:49 24-11-2018 | icon 4907
Dünya şöhrətli macar pianoçusu Bakı səhnəsində

Noyabrın 24-də dünya şöhrətli macar pianoçu, bəstəkar Peter Bens ilk dəfə Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edib.

YeniAvropa xəbər verir  ki, konsertdən əvvəl mətbuat konfransı keçirən pianoçu musiqi yaradıcılığı barədə məlumat verib. Bildirib ki, 2-3 yaşlarından pianoda ifa etməyə başlayıb, beş yaşında isə musiqi məktəbinə daxil olub. Əvvəllər daha çox dünya şöhrətli bəstəkarlardan Mosartın, Şopenin əsərlərini dinləyirdisə, indi Sebastiyan Baxa üstünlük verir. İlk kompozisiyasını yeddi yaşında yazıb.

Bakıda ilk dəfə olduğunu qeyd edən pianoçu Bakı Konqres Mərkəzi kimi möhtəşəm bir məkanda konsert proqramı ilə çıxış etməkdən məmnunluğunu ifadə edib: “İlk dəfə olaraq yazdığım və heç bir yerdə təqdim etmədiyim əsərlərimi də burada ifa edəcəyəm. Bir az həyəcanlıyam. Gələcəkdə Bakıda ustad dərsləri keçmək arzusundayam”.

Mətbuat konfransından sonra pianoçu konsert proqramı ilə çıxış edib. Musiqili gecədə P.Bens öz bəstələri ilə yanaşı, dünya şöhrətli musiqiçilərin də əsərlərinə müraciət edib.

Qeyd edək ki, pianoçu 2012-ci ilin yanvar ayında Ginnesin Rekordlar Kitabına düşüb. Cəld ifasına görə dünyada 1-ci yerdədir. Son iki ildə dünyanın 40-dan çox ölkəsində çıxış edib.