logo

DİM zal imtahan nəzarətçisi axtarır

18:44 03-10-2018 | icon 4809
DİM zal imtahan nəzarətçisi axtarır

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən imtahanların məzmun, model və texnologiya baxımından müxtəlifliyi zal nəzarətçilərinin fəaliyyətinin təkmilləşdirilməsini, peşəkarlıq səviyyəsinin yüksəldilməsini və ictimaiyyətin daha geniş hissəsinin imtahan prosesinə zal nəzarətçisi qismində cəlb edilməsini tələb edir. Bu tələbin qarşılanması məqsədilə zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması zərurəti yaranıb.

Dövlət İmtahan Mərkəzi zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması məqsədilə namizədlərin elektron qeydiyyatına başlayır.

Dövlət İmtahan Mərkəzindən YeniAvropa-ya  bildirilib ki, sertifikat almaq üçün Azərbaycan Respublikasının vətəndaşı olan, məhkumluğu olmayan, ali təhsilli, tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq hər hansı bir təşkilatda hazırda işləyən (və ya iş yerinin olub-olmamasından asılı olmayaraq pedaqoji profilli ixtisaslar üzrə bakalavr ixtisas dərəcəsi olanlar), yaşı 25-40 (cari zal nəzarətçiləri bazasında olanlar üçün 25-55) arasında olan və fiziki cəhətdən sağlam olan şəxslər müraciət edə bilərlər.

Zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması prosesi ödənişlidir. İlk olaraq namizədlər DİM-in internet səhifəsinə daxil olaraq “Şəxsi kabinet” açmalı və daha sonra burada qeydiyyatdan keçməlidirlər. Qeydiyyat və müsahibə mərhələsi ödənişsizdir.

Namizədlər qeydiyyatdan keçdikdən sonra qeydiyyat vərəqini çap edir, imzalayır və aşağıda qeyd olunan sənədləri də əlavə edərək “Şəxsi kabineti”ndə (və ya e-mailinə, mobil telefonuna göndərilən bildirişdə) göstərilən tarixdə Bakıda DİM-in mərkəzi binasına, regionlarda isə Gəncə, Şəki, Lənkəran, Xaçmaz, Bərdə, Göyçay, Şəmkir və Şirvan Regional Bölmə mərkəzlərinə şəxsən müraciət edirlər:

-İmzalı qeydiyyat vərəqi;

-Ərizə

-Şəxsiyyət vəsiqəsi

-Ali təhsil haqqında sənəd (diplom)

-İş yeri haqqında arayış (olduğu təqdirdə)

-Məhkumluğun olmaması barədə arayış

İlkin mərhələdə namizədin sənədləri yoxlanılır və təhsili, fəaliyyəti, iş təcrübəsi və s. dəqiqləşdirilməsi ilə bağlı ilkin müsahibədən keçirilir. Müsahibənin nəticəsi müsbət olduqda namizəd ümumi intellekt səviyyəsinin və psixoloji vəziyyətinin yoxlanılması üçün nəzərdə tutulan məntiq və psixometrik suallardan ibarət test imtahanına dəvət edilir. Test imtahanının vaxtı və yeri ilə bağlı məlumat namizədin şəxsi kabinetində yerləşdirilir (və ya e-mailinə, mobil telefonuna bildiriş göndərilir). Test imtahanında iştirak ödənişlidir və 10 manat təşkil edir. Ödəniş şəxsi kabinet vasitəsilə həyata keçirilir. Namizəd test imtahanında iştirak etmədikdə və ya keçə bilmədikdə ödəniş geri qaytarılmır.

İlkin test imtahanından uğurla keçən namizədlər təlimlərə cəlb edilir. İntellekt səviyyəni yoxlayan test imtahanından 60 faiz müsbət nəticə göstərməyən ya psixometriya testlərinin nəticəsi məqbul olmayan namizədlər növbəti mərhələyə buraxılmır.

Təlimlər ikigünlük - intensiv formada təşkil olunacaq. Təlimin birinci günü ASAN Təlim-Tədris mərkəzi ilə birgə, ikinci günü və yekun imtahan mərhələsi isə DİM tərəfindən keçiriləcək.

Təlimlərdə iştirak ödənişlidir və 50 manat təşkil edir. Ödəniş şəxsi kabinet vasitəsilə həyata keçirilir. Namizəd təlimlərdə iştirak etmədikdə və ya lazımi nəticə göstərmədikdə ödəniş geri qaytarılmır. Təlimlərin vaxtı və cədvəli qruplar (16-20 nəfərlik) komplektləşdirildikdən sonra elektron məktub və ya SMS məlumatlandırma yolu ilə namizədə bildirilir.

Namizəd təlimləri uğurla başa vurduqdan sonra yekun imtahandan keçir. İmtahandan 60 faiz müsbət nəticə göstərərək uğurla keçənlər Dövlət İmtahan Mərkəzinin elektron nəzarətçilər bazasına zal nəzarətçisi statusu ilə və müvafiq kateqoriya alaraq daxil edilir, 85-100 faiz nəticə göstərənlər “A”, 60-84 faiz nəticə göstərənlər isə “B” kateqoriyası alırlar. İmtahanlara təyinat zamanı fəaliyyəti sertifikatlaşdırılmış nəzarətçilərə üstünlük veriləcək.

“Əməkdar müəllim” fəxri adı alan müəllimlər sertifikatlaşdırma prosesinin müsahibə mərhələsindən, ümumi intellekt səviyyəsinin yoxlanılması üçün test imtahanından və yekun imtahandan, eləcə də nəzərdə tutulmuş bütün ödənişlərdən azaddırlar.

Elektron qeydiyyatla bağlı suallar yaranarsa, Mərkəzin M.Müşfiq 1M ünvanında yerləşən binasına (Telefon : 502-47-82 ( daxili:2-25 )) və ya regional bölmə mərkəzlərinə müraciət etmək olar.

Zal nəzarətinin fəaliyyətinin sertifikatlaşdırılması, “Şəxsi kabinet”in yaradılması və istifadə qaydaları ilə Dövlət İmtahan Mərkəzinin saytında tanış olmaq mümkündür.