logo

Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb

17:47 04-09-2024 | icon 1827
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb

Gənclər və İdman Nazirliyi(GİN) Olimpiya idman növləri üzrə milli komandaların idmançılarının 2024-cü il sentyabr ayına olan reytinq cədvəlini açıqlayıb.

GİN-in mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, siyahıya 590 xalla “Paris-2024” Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış cüdoçu Hidayət Heydərov başçılıq edir. Olimpiadada 5-ci yeri tutaraq tarixi nəticəyə imza atmış bədii gimnastika üzrə qrup hərəkətləri komandası 500 xalla ikinci, Olimpiya Oyunlarının digər qızıl medalçısı Zelim Kotsoyev (cüdo) 470 xalla üçüncü yerdə qərarlaşıb.

Növbəti pillələrdə müvafiq olaraq Nikita Simonov (kişi idman gimnastikası, 400 xal), Elcan Hacıyev (cüdo, 320), Anna Skidan (çəkic atma, 315 xal), Balabəy Ağayev (cüdo, 310 xal), Yaşar Nəcəfov (cüdo, 300 xal), Leyla Əliyeva (cüdo, 290 xal) və Zelim Tçkayev (cüdo, 280 xal) yer alıblar.

Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyinin müəyyən etdiyi qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.