logo

Sabiq nazir Fikrət Yusifov prezidentliyə 8-ci namizəd oldu

12:52 23-12-2023 | icon 1057
Sabiq nazir Fikrət Yusifov prezidentliyə 8-ci namizəd oldu

1994-1999-cu illərdə Azərbaycanın maliyyə naziri olmuş iqtisad elmləri doktoru, professor,  "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov gələn il fevralın 7-də keçiriləcək prezident seçkilərində 8-ci namizəd olub.

YeniAvropa xəbər verir ki, bu barədə Fikrət Yusifov KİV-ə müsahibəsində bildirib. Açıqlamada deyilir: “Qarabağ Zəfərini əldə etmiş xalqımızın yeni dönəmdə daha yaxşı həyat tərzinin təmin edilməsi, ölkədə iqtisadi islahatların necə reallaşdırılmasından bilavasitə asılı olacaqdır. Ölkə iqtisadiyyatının yüksəlişini təmin edə biləcək iqtisadi islahatlar proqramımızın məhz seçki tribunasından səsləndirilməsinin daha məsuliyyətli bir addım olacağına inanaraq, 2024-cü ilin fevral ayının 7-də keçiriləcək prezident seçkilərində iştirak etmək qərarına gəldim. Bu məqsədlə öz təşəbbüsümlə Prezidentliyə namizədliyimi irəli sürürəm. Qoy bu seçkini boykot edənlər, onda iştirakdan imtina edənlər bilsinlər ki, biz bu cəmiyyətdə qarşıdurma deyil, vətəndaş həmrəyliyi yaratmaq üçün varıq. Seçkini boykot etməyə cəhd göstərənlər və onda iştirakdan imtina edənlər unutmasınlar ki, onlar bu addımları ilə Qarabağ Zəfəri əldə etmiş bir xalqın sevgisini deyil, nifrətini qazana bilər.   Biz bu seçkilərə vətən sevgimizi reallaşdırmaq üçün gedirik. Biz bu seçkilərə daha güclü Azərbaycanın yaradılmasına töhfə verə bilmək üçün gedirik. Biz bu seçkilərə yüksək vətəndaş həmrəyliyi yaratmaq  üçün gedirik. İnanıram ki, xalqımız kirli, məkrli “siyasilərin” prezident seçkilərinə qara yaxmaq istəyənə fevral ayının 7-də keçiriləcək Zəfər seçkilərinə bir nəfər kimi qatılmaqla cavab verəcəkdir. Tanrı xalqımızı qorusun!”

Qeyd edək ki, bundan əvvəl daha 7 nəfərin fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisinə namizədliyi irəli sürülüb və MSK tərəfindən artıq təsdiqlənib.

Bunlar YAP tərəfindən namizədliyi irəli sürülən hazırkı prezident İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Məhərrəm oğlu Oruc, namizədliyi Böyük Quruluş Partiyası tərəfindən irəli sürülən Fazil Qəzənfər oğlu Mustafa, namizədliyi özü tərəfindən irəli sürülən Fuad Ağası oğlu Əliyev, namizədliyi Böyük Azərbaycan Partiyası tərəfindən irəli sürülən Elşad Nəbi oğlu Musayev, namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Müzəffər oğlu Həsənquliyev və namizədliyi Milli Cəbhə Partiyası tərəfindən irəli sürülən Razi Qulaməli oğlu Nurullayevdir.

Xatırladaq ki, Fikrət Yusifov 1957-ci ildə  Naxçıvan MR-in Şərur rayonunun Danzik kəndində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. 1994-1999-cu illərdə Azərbaycanın maliyyə naziri vəzifəsində çalışıb.

O, 2005-ci ildə parlament seçkiləri ərəfəsində saxlanılıb. Fikrət Yusifovun 2005-ci il oktyabrın 18-də Respublika Prokurorluğuna könüllü ifadələri əsasında keçmiş nazirlər Fərhad Əliyev, Əli İnsanov və digər yüksək vəzifəli dövlət rəsmiləri kütləvi iğtişaşlar və dövlət çevrilişinə cəhddə ittiham olunaraq həbs ediliblər.

İstintaq materiallarında qeyd edilir ki, 2005-ci il oktyabrın 16-da Fikrət Yusifovun evində aparılan axtarış zamanı 100 min avro və 60 min dollar pul tapılıbmış.Fikrət Yusifov bu pulları ona Fərhad Əliyevlə, Əli İnsanovun verdiyini və onların eks-spiker Rəsul Quliyevin Bakıya qayıtması və dövlət çevrilişinə hazırlıq üçün sərf ediləcəyini bildirib.

2006-ci ildə Nəsimi rayon Məhkəməsinin  qərarı ilə qanunsuz silah saxlamaqda təqsirli bilinərək 1 il 6 ay müddətinə həbs edilib.

Fikrət Yusifov həbsdən çıxdıqdan təqribən 12 sonra yenidən siyasətə qayıdıb. O, 2019-cu ildə Ana Vətən Partiyasında sədr müavini olub. Bir il sonra vəzifəsindən və partiya üzvlüyündən istefa verərək "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyini yaradıb.