logo

İlham Əliyev Türkiyənin vitse-prezidenti Cevdet Yılmazı qəbul edib

12:21 20-12-2023 | icon 1260
İlham Əliyev Türkiyənin vitse-prezidenti Cevdet Yılmazı qəbul edib

Prezident İlham Əliyev dekabrın 20-də Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazı qəbul edib. 

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Cevdet Yılmaz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə prezidentinə çatdırmağı xahiş edib.

Azərbaycan prezidenti hər fürsətdə və beynəlxalq təşkilatlar çərçivəsində keçirilən tədbirlərdə Türkiyə Prezidenti ilə görüşdüyünü və müzakirələri davam etdirdiyini vurğulayıb.

Türkiyənin vitse-prezidenti tarixi Qələbə və Azərbaycanın suverenliyinin tam bərpa olunması münasibətilə bir daha təbriklərini çatdırıb, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin Türkiyədə böyük sevinclə qarşılandığını vurğulayıb. Bu xüsusda ermənilər tərəfindən basdırılmış minaların hələ də böyük təhlükə törətdiyi və yenidənqurma işlərinə mane olduğu bildirib.

Vitse-prezident Türkiyədə baş vermiş zəlzələ zamanı Azərbaycanın göstərdiyi qardaşlıq dəstəyinə görə təşəkkürünü bildirib, Kahramanmaraşda həyata keçirilən bərpa və tikinti işlərini xüsusilə qeyd edib. Cevdet Yılmaz dünyanın yaşıl və rəqəmsal transformasiya dövründə olduğunu nəzərə alaraq, Azərbaycanla Türkiyənin bu sahədə də birgə çalışmasının və əməkdaşlığının vacibliyini vurğulayıb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsinin Preferensial Ticarət Sazişinin imzalanmasından sonra daha da artmasından məmnunluq ifadə olunub. Həmçinin gələn il Azərbaycan-Türkiyə hökumətlərarası komissiyanın iclasının keçirilməsi, eləcə də ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə edilib.

Söhbət zamanı beynəlxalq təşkilatlar, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq, təşkilatın daha da gücləndirilməsi, digər qardaş türk ölkələri ilə işbirliyinin dərinləşdirilməsinə dair fikir mübadiləsi aparılıb.