logo

İşə düzəltmək adı altında 50-dən çox şəxsi aldatdı və yaxalandı

17:59 23-10-2023 | icon 805
İşə düzəltmək adı altında 50-dən çox şəxsi aldatdı və yaxalandı

Daxili İşlər Nazirliyinə (DİN) naməlum şəxsin vətəndaşları işə düzəldəcəyi adı ilə aldadıb onlayn ödəniş sistemlərindən istifadə etməklə onların pul vəsaitlərini ələ keçirdiyi barədə çoxsaylı şikayətlər daxil olub. Keçirilmiş əməliyyat-texniki tədbirlər nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən Həsənov Anar Alıhəsən oğlu saxlanılaraq istintaqa təqdim edilib.

DİN-in mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, araşdırmalarla müəyyən olunub ki, A.Həsənov tanış olduğu şəxslərə özünü müxtəlif dövlət qurumlarının vəzifəli şəxsi kimi təqdim edərək onlarda özünə qarşı inam yaradıb. Sonrakı müddətdə isə həmin şəxsləri dövlət qurumlarında işlə təmin edəcəyi adı ilə aldadaraq 50-dən artıq zərərçəkənin pulunu ələ keçirib.

Aşkarlanan faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa polisə müraciət edə bilərlər.