logo

DSX “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində baş verən hadisə ilə bağlı məlumat yayıb

10:49 04-09-2018 | icon 4109
DSX “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində baş verən hadisə ilə bağlı məlumat yayıb

Dövlət Sərhəd Xidməti (DSX) “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsinin rejim zonasında baş verən hadisə ilə bağlı məlumat yayıb.

DSX-nin mətbuat mərkəzindən YeniAvropa-ya bildiriblər ki, sentyabrın 3-də saat 21:10 radələrində “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsinin rejim zonasında Azərbaycan Respublikasının ərazisindən Gürcüstan istiqamətində hərəkət edən GG-415-YY GEO dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü, Gürcüstan vətəndaşı 1993-cü il təvəllüdlü Levan Ajevanidzenin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi buraxılış məntəqəsinin darvazasını sındırıb və DSX-nin həmin yerdə xidmət aparan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu 1994-cü il təvəllüdlü çavuş Süleymanov Ələnnur Xəlilulla oğlunu vurub.

Hərbi qulluqçu aldığı xəsarətlərdən ölüb. Hadisə zamanı bir minik avtomobili əzilib və iki mülki şəxs yüngül xəsarət alıb.

Ağır nəticələrə səbəb olan qəzanı törətmiş sürücü saxlanılıb və Qazax Rayon Polis Şöbəsinə təhvil verilib. Hazırda hadisə ilə əlaqədar istintaq tədbirləri həyata keçirilir.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi xidməti vəzifələrinin icrası zamanı həlak olmuş çavuş Süleymanov Ələnnur Xəlilulla oğlunun vəfatından kədərləndiyini bildirir, mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.