logo

İyul ayı son 120 min ildə dünyada ən isti ay olub-ÜMT

16:32 09-08-2023 | icon 1855
İyul ayı son 120 min ildə dünyada ən isti ay olub-ÜMT

Bu ilin iyul ayında orta qlobal temperatur müşahidələr tarixində bəlkə də son 120 min ildə ən yüksək olub.

YeniAvropaBMT-nin xəbərlər xidmətinə istinadla xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) və Cenevrədəki tərəfdaşların birgə keçirdiyi mətbuat konfransında bildirilib.

“Təsdiq edirik ki, 2023-cü ilin iyul ayındakı orta qlobal temperatur bütün müşahidələr tarixində ən yüksək olub”, – deyə ÜMT ilə sıx əməkdaşlıq edən Avropanın “Copernicus” İqlim Dəyişiklikliyinə Nəzarət Xidmətinin direktor müavini Samanta Bercess vurğulayıb.

O, həmçinin qeyd edib ki, dünyanın bir çox regionlarında iyulda istilik dalğaları müşahidə olunub. “Qiymətləndirmələrə görə, bu ay temperatur 1815-1900 dövrünün orta göstəricisindən, yəni, sənaye dövründən əvvəlki dövrün səviyyəsindən təxminən 1,5 dərəcə yüksək olub”, – deyə Bercess əlavə edib.

Onun sözlərinə görə, mağara çöküntüləri, daşlaşma, mərcan və balıqqulağı analizindən belə nəticəyə gəlmək olar ki, son 120 min ildə bu qədər isti olmayıb.

Bu ilin aprel ayında qeyri-adi yüksək temperaturdan sonra qlobal dəniz səthinin temperaturu rekordları da yenilənib. Nəticədə ötən iyulda okean səthinin temperaturu 1991-2020 ortalamasından təxminən 0,51 dərəcə istil olub.

ÜMT-nin nümayəndəsi Kris Xyuitt qeyd edib ki, 2015-2022-ci illər artıq 170 il davam edən müşahidələr tarixində səkkiz ən isti il olub.

Xyuitt əlavə edib ki, uzunmüddətli istiləşmə tendensiyasının səbəbi atmosferdə rekord həddə çatan istixana qazlarının konsentrasiyasının artmasıdır.