logo

Azərbaycanda istehsal olunan avtomobillər ƏDV-dən azad olunacaq

11:55 16-06-2023 | icon 3346
Azərbaycanda istehsal olunan avtomobillər ƏDV-dən azad olunacaq

Milli Məclis Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrini üçüncü oxunuşda təsdiqləyib.

YeniAvropa xəbər verir ki, qanun layihələri Milli Məclisin iyunun 16-da keçirilən növbədənkənar iclasının gündəliyində müzakirəyə çıxarılıb.

Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında layihədə ölkə ərazisində istehsal olunan minik avtomobillərinin satışının 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azad olunması təklif olunur.

Hər iki sənəddə - Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanunda dəyişikliklərin edilməsi ilə bağlı layihələrdə işğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi çərçivəsində bütün növ texnikanın, avadanlıqların, texniki vasitələrin və qurğuların, onların ehtiyat hissələrinin, fərdi zirehli qoruyucu geyimlərin, alətlərin, partlayıcı və pirotexniki vasitələrin istehsalı və satışının 2023-cü il mart ayının 1-dən 5 il müddətinə vergidən və gömrük rüsumlarından azad olunması təklif edilir.