logo

Şimal-qərb bölgəsinə leysan yağıb

09:29 07-06-2023 | icon 1078
Şimal-qərb bölgəsinə leysan yağıb

Dünən axşam saat 21 radələrindən başlayaraq Şimal-Qərb bölgəsinə daxil olan Balakən, Zaqatala və Qax rayonlarında ildırım çaxıb, bir saatdan çox davam edən leysan xarakterli yağış müşahidə olunub.

YeniAvropa xəbər verir ki, bəzi ərazilərdə irigövdəli ağacların budaqları qırılıb.

Mənbəyini dağlardan götürən Balakən, Katex, Böyükçay və Kürmük çaylarında suyun səviyyəsi xeyli artıb. Çaylarda görülən qabaqlayıcı tədbirlər nəticəsində hələlik heç bir fəsad, sel basma təhlükəsi yaranmayıb.

Küləkli hava şəraiti səbəbindən Qax rayonunda enerjinin verilməsində fasilə yaranıb.

Gecə saat 22-23 radələrində isə bölgənin digər rayonlarında Şəki, Oğuz və Qəbələdə güclü leysan xarakterli yağış müşahidə edilib. Xüsusən Dəmiraparan çayda suyun səviyyəsi artıb.

Elektrik enerjisinin verilməsində Zaqatala və Balakəndə də fasilələr müşahidə edilib. Hər iki rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, köhnə dirək və naqillərin keçdiyi ərazilərə baxış keçirilir, təhlükəsizlik təmin olunandan sonra enerjinin verilməsi bərpa edilir.

Şəki Regional Hidrometeorologiya Müəssisəsindən bildirilib ki, bu gün də bölgə rayonlarında hava qeyri-sabit keçək, yağış yağacağı gözlənilir.