logo

Bakıda Avropa Mühasiblər və Auditorlar Federasiyasının Şura iclası keçiriləcək

15:55 01-06-2023 | icon 1498
Bakıda Avropa Mühasiblər və Auditorlar Federasiyasının Şura iclası keçiriləcək

Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) təşkilatçılığı ilə Portuqaliyanın paytaxtı Lissabonda “Kiçik biznesin gələcəyi: istedadların cəlb olunması, saxlanılması və ixtisaslarının artırılması” mövzusunda beynəlxalq konfrans və həmin qurumun idarə heyətinin İllik Ümumi Yığıncağı keçirilib.

Azərbaycan Auditorlar Palatasından YeniAvropa-ya ki, konfransda Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) prezidenti, Albaniya, Almaniya, Belçika, Böyük Britaniya, Fransa, İspaniya, Kosovo, Niderland Krallığı, Portuqaliya, Rumıniya və Sloveniyanın peşəkar audit və mühasibatlıq qurumlarının rəhbər şəxsləri, habelə Azərbaycan Auditorlar Palatası sədrinin müşaviri, Beynəlxalq əlaqələr və xarici təşkilatlarla iş üzrə komitənin sədri Fəqan Qarayev iştirak edib.

Tədbiri IFAC-ın prezidenti Asmaa Resmouki, EFAA-nın prezidenti Salvador Marin və Portuqaliya Sertifikatlı Mühasiblər İnstitutunun prezidenti Paula Franco açdıqdan sonra, “Müasir dövrdə peşənin inkişafının qarşısında duran problemlər”; “İnnovasiyaların, avtomatlaşdırmanın və süni intellektin tətbiqinin mühasibat uçotunun və auditin aparılmasının ənənəvi üsullarını əvəz etməsi”; “Mövcud peşə sahiblərinin rəqəmsal texnologiyalardan istifadə etməklə ixtisaslarının artırılmasının və yeni istedadların cəlb edilməsinin peşənin inkişafı üçün zərurəti”; “Dayanıqlı inkişafı təmin edən hesabatlılıq”; Kiçik və orta müəssisələrdə rəqəmsal texnologiyalardan istifadə etməklə auditin aparılmasına yeni yanaşmalar” mövzularında məruzələr dinlənilib. Qeyd edilən məsələlər üzrə xarici təcrübəyə dair çoxsaylı materiallar əldə olunub.

EFAA-nın 2023-cü il üzrə İllik Ümumi Yığıncağında isə qurumun Əsasnaməsinə dəyişikliyin layihəsi, 2022-ci il üzrə fəaliyyətinə dair hesabatı, 2022-ci il üzrə Maliyyə hesabatları, 2023-2024-cü illər üçün büdcələri təsdiq edilib. Daha sonra EFAA-nın yeni prezidenti və İdarə Heyətinin üzvləri səsə qoyularaq Şura üzvləri və üzv dövlətlər tərəfindən seçilib.

Qurumun növbəti il üzrə beynəlxalq konfransının və İllik Ümumi Yığıncağının Belçika Krallığının Brüssel şəhərində, Şura iclasının isə Azərbaycanın paytaxtı Bakıda keçirilməsi təklif edilib və səsə qoyularaq təsdiq edilib.

EFAA-nın prezidenti Salvador Marin və quruma üzv dövlətlərinin audit və mühasibatlıq qurumlarının nümayəndələri bu münasibətlə Azərbaycandan olan nümayəndələri təbrik edib.

Qeyd edək ki, Azərbaycan Auditorlar Palatası bir sıra xarici qurumlarla, o cümlədən Beynəlxalq Mühasiblər Federasiyası (IFAC) və Avropa Mühasiblər və Auditorlar Federasiyası (EFAA) ilə əməkdaşlıq edir və hər iki qurumun tamhüquqlu üzvüdür.

Avropa Mühasiblər və Auditorlar Federasiyası (EFAA) 1994-cü ildə yaradılaraq Avropa İttifaqında və bütövlükdə Avropada kiçik və orta ölçülü müəssisələrə peşəkar xidmət göstərən fərdi üzvləri olan milli mühasib və auditor təşkilatlarını özündə birləşdirən vahid təşkilatdır. EFAA-nın Avropa üzrə 380 mindən çox mühasib və auditorun təmsil olunduğu 15 üzvü var. Azərbaycan Respublikasının Auditorlar Palatası 2003-cü ildən bu qurumun tamhüquqlu üzvüdür. Hər iki qurumun təşkil etdiyi tədbirlərdə nümayəndə heyətlərimiz mütəmadi iştirak edirlər.