logo

Azərbaycanın “yaşıl enerji” ölkəsinə transformasiyası artıq başlanıb-Nazir

12:32 01-06-2023 | icon 1603
Azərbaycanın “yaşıl enerji” ölkəsinə transformasiyası artıq başlanıb-Nazir

"Abşeron", "Qarabağ", "Ümid" (Mərhələ II), "Babək", "Azəri-Çıraq-Günəşli" Dərin Qaz və “yaşıl enerji” layihələri əlavə qazı təmin edəcək mühüm mənbələr kimi qeyd olunub.

YeniAvropa xəbər verir ki, bu sözləri Azərbaycanın energetika naziri Pərviz Şahbazov “Bakı Enerji Forumu”nda çıxışı zamanı deyib.

O bildirib ki, 2026-cı ilin sonuna istismara verilməsi planlaşdırılan 1800 MVt gücündə külək və günəş elektrik stansiyaları hesabına 1 milyard kubmetrdən çox qaza qənaət ediləcək. 2030-cu ildə daha 5 QVt “yaşıl” istehsal güclərinin istifadəyə veriləcəyi və bu həcmlərin ilkin mərhələdə 4 QVt-nin Qara dəniz vasitəsilə Avropaya, 1 QVt-nin isə Naxçıvan üzərindən Türkiyə və Avropa istiqamətində ixracı nəzərdə tutulur.

Nazir deyib ki, Azərbaycanın “yaşıl enerji” ölkəsinə transformasiyası artıq başlanıb. Bərpaolunan enerjinin quruda 135 QVt, dənizdə isə 157 QVt texniki potensialı əsasında ölkəmiz bu gün “yaşıl enerji”nin istehsalı və ixracı ilə bağlı irimiqyaslı layihələr icra edir: “Hazırda “Masdar”, “ACWA Power”, bp və “Fortescue Future Industries” şirkəti ilə 25 QVt-dan çox “yaşıl enerji” layihələri üzrə əməkdaşlıq edirik. Bakı Enerji Həftəsi çərçivəsində beynəlxalq enerji şirkətləri ilə əlavə 3 QVt-dək bərpaolunan enerji layihələri üzrə əməkdaşlıq sənədləri imzalayacağıq. Azərbaycan “yaşıl enerji” ölkəsi kimi inkişafı ilə bağlı strateji hədəflərini reallaşdırmaq əzmindədir.