İlham Əliyev Bakıda dünya çempionatının açılışında iştirak edib
Mayın 29-da Bakıda taekvondo üzrə 26-cı dünya çempionatının açılış mərasimi olub.
YeniAvropa xəbər verir ki Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tədbiri izləyiblər.
Əvvəlcə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çu ilə görüşüblər.
Çunqvon Çu birinci xanım Mehriban Əliyevaya 8-ci dan Fəxri Qara kəmər və sertifikatını təqdim edib.
Dövlət başçısı və birinci xanım Dünya Taekvondo Federasiyasının prezidenti ilə söhbət ediblər.
Sonra taekvondo üzrə 26-cı dünya çempionatının açılış mərasimi keçirilib.
Açılış mərasimində əvvəlcə iştirakçı komandaların paradı olub.
Mərasimdə çıxış edən Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çu Bakıda olmaqdan və dünya çempionatının Azərbaycanda keçirilməsindən məmnunluğunu bildirdi. Pandemiyadan sonra taekvondo yarışlarının keçirilməsinin önəmini xüsusi vurğulayan Çunqvon Çu dedi: “Bakıya - taekvondonun evinə qayıtmaq çox xoşdur. Bakını taekvondonun evi adlandırmaq ona görədir ki, uzun illər ərzində Azərbaycanda müxtəlif taekvondo tədbirləri təşkil olunub. Azərbaycan, həmçinin parataekvondonun yarandığı ölkədir. Sonralar parataekvondo daha da populyarlaşaraq Paralimpiya Oyunlarının proqramına salınıb”.
Azərbaycan Prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı nəticəsində taekvondonun ölkəmizdə geniş populyarlıq qazandığını vurğulayan Çunqvon Çu bildirdi ki, bu diqqət nəticəsində illər ərzində Azərbaycan taekvondoçuları müxtəlif yarışlarda medallar qazanıblar. Prezident İlham Əliyevin Dünya Taekvondosunun 6-cı dan Fəxri Qara kəmər və sertifikatı ilə təltif olunduğunu xatırladan Çunqvon Çu Birinci-vitse prezident Mehriban xanım Əliyevanın da 8-ci dan Fəxri Qara kəmər və sertifikatı ilə təltif edilməsindən məmnunluğunu ifadə etdi. O, Bakıda keçirilən 26-cı dünya çempionatının tarixdə uğurlu və mötəbər tədbir kimi qalacağına ümidvar olduğunu bildirdi.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax videomüraciətində 50 il əvvəl 17 üzv assosiasiya ilə fəaliyyətə başlayan Dünya Taekvondo Federasiyasının hazırda 213 üzvü əhatə edərək dünyanın ən böyük idman federasiyalarından birinə çevrildiyini dedi. Taekvondonun 2000-ci ildən Olimpiya idman növü olduğunu vurğulayan T.Bax qurumun ötən müddətdə Çunqvon Çunun rəhbərliyi ilə sürətli inkişaf yolu keçərək, həm taekvondonu, həm də idman dəyərlərini müvəffəqiyyətlə təbliğ etdiyini bildirdi. O, Taekvondo Humanitar Fondunun da dünyada qaçqınların idmana cəlb olunmasında mühüm rol oynadığını dedi, federasiyanın Beynəlxalq Olimpiya Komitəsi ilə birlikdə Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə sanballı töhfələr verdiyini diqqətə çatdırdı.
Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov çıxışında taekvondoçularımızın mötəbər beynəlxalq yarışlarda uğurlu çıxışları, iradə və əzmkarlıqları ilə zirvələri fəth etdiklərini vurğuladı. Qeyd etdi ki, məhz bunun nəticəsində taekvondo respublikamızda geniş populyarlıq qazanıb və gənclərimizdə idmanın bu növünə dərin maraq yaranıb.
K.Heydərov 100 illik yubileyinin geniş qeyd olunduğu Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə idmana daim yüksək diqqət və qayğı göstərdiyini xatırlatdı. Bildirdi ki, bu siyasəti uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə 50-yə yaxın Olimpiya İdman Kompleksi inşa olunub. Hazırda Azərbaycan beynəlxalq idman aləmində nüfuzlu idman ölkəsi kimi tanınır. Azərbaycanda irimiqyaslı yarışların təşkilinin artıq ənənəyə çevrildiyini, ölkəmizin dünya, Avropa çempionatlarına, I Avropa və IV İslam Həmrəyliyi oyunlarına uğurla ev sahibliyi etdiyini vurğulayan federasiya prezidenti dünya çempionatının təşkilini və Dünya Taekvondosunun 50 illiyinin qeyd olunmasını Azərbaycana həvalə etdiyi üçün Dünya Taekvondo Federasiyasının rəhbərliyinə təşəkkürünü bildirdi. O, həm iştirakçı ölkələrin, həm də idmançıların sayına görə rekord göstəricinin qeydə alındığı bu çempionatın Bakıda keçirilməsinin taekvondonun Azərbaycanda təbliği işinə böyük təkan verəcəyini dedi.
Sonra Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov taekvondo üzrə 26-cı dünya çempionatını açıq elan etdi.
Açılış mərasimində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Ümummilli Liderin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ölkəmizdə idmanın inkişafına diqqət və qayğısını əks etdirən film nümayiş olundu.
Dünya çempionatının açılış mərasimi bədii hissə ilə davam etdi.
Qeyd edək ki, 26-cı dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizəyə qoşulub. Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.
Milli komandamız çempionata Səyyad Dadaşov (54 kq), Qaşim Maqomedov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Ələsgər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq), Həmidrza Bədriəliabadi (+87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq), Səmərrux Osmanova (53 kq), Fatimə Məcidova (62 kq) və Fəridə Əzizova (67 kq) idmançılardan ibarət heyətlə qatılıb.
Çempionatda ümumilikdə 150-dən çox ölkədən 2000-ə yaxın qonaq iştirak edir. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər keçirilir.
Xatırladaq ki, Bakının yarışa ev sahibliyi etməsi barədə qərar ötən il qəbul olunub. Beynəlxalq Olimpiya Komitəsinin İsveçrənin Lozanna şəhərindəki inzibati binasında təşkil olunan və qurumun prezidenti Tomas Baxın qatıldığı yığıncaqda bu yarış üçün 3 ölkə namizədliyini irəli sürsə, Bolqarıstan son anda müraciətini geri götürüb. Nəticədə dünya çempionatını qəbul etməyə Azərbaycan və Çin iddia edib. Beynəlxalq qurum ölkəmizin bir sıra nüfuzlu yarışlara, taekvondo üzrə Avropa çempionatına, Qran-Pri, Olimpiadaya lisenziya xarakterli təsnifat turnirlərinə uğurla ev sahibliyi etməsini nəzərə alaraq, dünya çempionatının keçirilməsini də Azərbaycana həvalə edib. Beləliklə, taekvondo üzrə dünya çempionatı MDB məkanında Rusiyadan sonra Azərbaycanda təşkil olunur. Eyni zamanda, Azərbaycan Avropada Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra dünya çempionatına ev sahibliyi edən yeddinci ölkədir.
Sumqayıtda 58 yaşlı qadın toyda ölüb
Azərbaycan diasporu Pokrovskaya yarmarkasında iştirak edib
Sel suları Hacıqabulda ciddi fəsadlar törədib
"U-21" millimiz Şimali İrlandiyaya məğlub olub
İzmir və İstanbulda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək
Əbu-Dabi “Böyük Dəbilqə”si:Cdoçumuz qızıl medal qazanıb
Gələn ildən ilk mərhələdə Turşsuya 50 ailə köçürüləcək
Əbu-Dabi “Böyük Dəbilqə"si: Cüdoçumuz qızıl görüşünə çıxacaq
Qubada ağır avtoqəza:Ölən var
“Mingəçevir Reqatası-2024”ün rəsmi açılışı Füzulidə keçiriləcək
Sahibkarlar Prezident İlham Əliyevdən imdad diləyirlər: Bizi bank soyğunçuluğundan xilas edin!
Yaxud “Bank of Baku“ ilə hakimlərin marağı harada toqquşur?
Daşaltı kəndindəki məscidin tikintisi başa çatmaq üzrədir
Milli Məclis Niderland parlamentinin Nümayəndələr Palatasının qətnamələrinə münasibət bildirib
Slovakiya millisi Bakıya ciddi itki ilə gəlir
Sabah Bakıda qısamüddətli yağış yağacaq,22° isti olacaq
Ölkədaxili sərnişin qatarlarında sürət həddi endirilib
“Şuşa şəhərinin islam memarlıq irsi” adlı simpozium keçirilir
İlham Əliyev İspaniya kralını təbrik edib
Azərbaycan nefti 80,63 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb
Sabiq deputat İqbal Məmmədov 10 milyonluq vergi borcunun bir hissəsini ödəyib
Xəzər dənizində zəlzələ baş verib
XIN Niderland Parlamentinin iki qətnaməsini pisləyib
İlham Əliyev Tunis prezidentini təbrik edib
ICESCO-nun nümayəndə heyəti Ağdam şəhərinə səfər edib