logo

Azərbaycanın QHT nümayəndələri Türkiyənin Vəqflər Baş İdarəsində olublar

13:56 11-05-2023 | icon 3507
Azərbaycanın QHT nümayəndələri Türkiyənin Vəqflər Baş İdarəsində olublar

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə vətəndaş cəmiyyəti nümayəndələrinin qardaş ölkəyə işgüzar səfəri çərçivəsində növbəti görüş Türkiyənin Vəqflər Baş İdarəsində keçirilib.

YeniAvropa xəbər verir ki, Türkiyə Vəqflər Baş İdarəsinin müdiri Sinan Aksu Azərbaycanın nümayəndə heyətinə qurumun fəaliyyəti haqqında məlumat verib.

Azərbaycanla sıx əməkdaşlığa, birgə fəaliyyətə daim önəm verdiklərini bildirən S.Aksu Vəqflər Baş İdarəsi ilə Agentlik arasında işgüzar münasibətlərin daha da inkişafına ehtiyac olduğunu deyib.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya sektorunun məsul əməkdaşı Əli Pənahov çıxışında Azərbaycan-Türkiyə dostluğundan, tarixi əlaqələrin inkişafından bəhs edib, bu qardaşlığın bütün sahələrdə, o cümlədən vətəndaş cəmiyyəti ilə münasibətlərdə də daim ön planda olduğunu bildirib.

Agentliyin İcraçı direktoru Aygün Əliyeva qurumlararası münasibətlərin daha da möhkəmləndirilməsinin və birgə əməkdaşlıq üçün mexanizmin formalaşdırılmasının vacibliyini vurğulayıb.

Görüşdə Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin və Vəqflər Baş İdarəsinin əməkdaşlarının iştirakı ilə müzakirələr aparılıb.

Daha sonra 44 günlük şanlı Vətən müharibəsi şəhidlərinin övladlarının çəkdikləri rəsmlər əsasında hazırlanan hədiyyə Sinan Aksuya təqdim olunub.

S.Aksu isə öz növbəsində Vəqflər Baş İdarəsinin adından xüsusi hazırlanmış “Qurani-Kərim”i Azərbaycanın nümayəndə heyətinə təqdim edib.

İşgüzar görüşün sonunda Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinə töhfə verəcək, özündə müştərək fəaliyyəti, gələcək əməkdaşlığı, birgə layihələri əks etdirən Anlaşma Memorandumu imzalanıb.