logo

Şəmkir sakinlərindən avtomat və narkotik aşkarlanıb

09:58 11-05-2023 | icon 1197
Şəmkir sakinlərindən avtomat və narkotik aşkarlanıb

Şəmkir rayon Polis Şöbəsinin Zəyəm Polis Bölməsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Coşqun Aslanov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, üzərindən marixuana aşkar edilən şübhəli şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun yaşadığı evin yaxınlığında odlu silah da gizlətməsi məlum olub. Qeyd edilən ünvana baxış keçirilən zaman oradan 1 ədəd “Kalaşnikov” avtomatı, 2 ədəd həmin avtomata məxsus daraq və 10 ədəd patron aşkar edilərək götürülüb.

Bundan başqa, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakinləri Arxein Məmmədov və Ruslan Süleymanzadə də saxlanılıb. Şübhəli şəxslərin üzərlərindən müvafiq olaraq heroin və marixuana edilərək götürülüb.

Aşkar edilən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub, faktlarla bağlı araşdırmalar davam etdirilir.