logo

Azərbaycanda daha 8 ingilis dili mərkəzi açılacaq

16:32 29-12-2017 | icon 3815
Azərbaycanda daha 8 ingilis dili mərkəzi açılacaq

“British Council Azərbaycan” 2018-ci ildə Təhsil Nazirliyinin və Böyük Britaniya hökumətinin dəstəyi ilə Bakı, Sumqayıt, Gəncə və Lənkəranda daha 8 ingilis dili mərkəzi açacaq.

Şirkətdən YeniAvropa-ya  bildirilib ki, mərkəzlərin təsis edilməsinin əsas məqsədi Azərbaycanda ingilis dilini öyrənənlərə bu dilin zəngin resurslarına çıxış imkanları yaratmaqla yanaşı, onların ünsiyyət qabiliyyətlərini inkişaf etdirməkdir.

İngilis dili mərkəzləri yaxınlıqda yerləşən məktəblərdə təhsil alan şagirdlər üçün müstəqil öyrənmə, dərsdən kənar fəaliyyət və ünsiyyət bacarıqlarının inkişafı üçün imkan yaradacaq. Həmçinin mərkəzdə müəllimlərin davamlı peşəkar təlimi və inkişafı üçün də imkanlar təklif ediləcək.

Məktəblilər bu mərkəzlərdə oxu üçün kitablar əldə edəcək və filmlər izləyəcəklər. Mərkəz şagirdlərə həm üzbəüz, həm də online şəkildə digər ingilis dilini öyrənənlərlə ünsiyyət qurmaq imkanı verəcək.

İngilis dili mərkəzləri zəngin kitab resursları, jurnallar, DVD-lər və “British Council”ın ingilis dilinin öyrənilməsi üçün elektron resursları və proqramları yüklənmiş kompüter və planşetlərlə təmin olunacaq. Bu mərkəzlər sadə bir kitabxana olmaqdan daha çox, sinif otaqlarında tədris edilən ingilis dili qabiliyyətlərini real üzə çıxaracaq bir məkandır.

Qeyd edək ki, “British Council Azərbaycan” ilk ingilis dili mərkəzlərini Təhsil Nazirliyinin dəstəyi ilə ötən il oktyabrın 25-də Bakıda yerləşən iki seçilmiş orta təhsil müəssisəsi və Müəllimlərin Peşəkar İnkişaf Mərkəzində açıb.