logo

Qızları narkokuryerliyə cəlb edən şəxs 17 narkotika ilə saxlanılıb

11:33 01-05-2023 | icon 931
Qızları narkokuryerliyə cəlb edən şəxs 17 narkotika ilə saxlanılıb

Səbail rayonunda gənc qızları narkokuryerliyə cəlb edən şəxs saxlanılıb. Ondan 17 kiloqram narkotik vasitə aşkar edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Sumqayıt şəhər sakini Ramilə Qurbanova Səbail rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində saxlanılıb. Onun üstündən şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə heroin aşkar edilib. Ramilə Qurbanova heroini Emil adlı tanışından aldığını və onun göstərişi ilə narkokuryerliyə cəlb olunduğunu bildirib.

İdarə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirlərinin davamı olaraq Ramilə Qurbanovaya narkotik vasitələr satan Salyan rayon sakini Emil Hacıyev də qısa zamanda Səbail rayonu ərazisində saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərindən və yaşadığı evdən 2 kiloqrama yaxın heroin, metamfetamin, 15 kiloqram marixuana, 56 ədəd psixotrop tərkibli metadon, həmçinin preqabalin həbi, narkotik vasitələrin satışı və istifadəsi üçün nəzərdə tutulan 3 ədəd elektron tərəzi, bank kartları, qeyd dəftərçələri, narkotiklərin onlayn satışı ilə məşğul olduğunu sübut edən qəbzlər və sair maddi sübutlar aşkar edilib. Emil Hacıyev paytaxt ərazisində narkotiklərin satışı ilə məşğul olduğunu etiraf edib. O, narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu “Əsgər” adlı İran vətəndaşından aldığını və həmin şəxsin göstərişi ilə paytaxtda narkotik vasitələrin satışını təşkil etdiyini bildirib.

Aşkar edilən faktlarla bağlı Səbail rayon Polis İdarəsində araşdırmalar davam edirilir. Səbail rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də ifşa edilmələri istiqamətində əməliyyatlar davam etdirilir.