logo

Laçın-Xankəndi yolundan 130 gündə 7500-dən çox avtomobil keçib

15:55 21-04-2023 | icon 1134
Laçın-Xankəndi yolundan 130 gündə 7500-dən çox avtomobil keçib

Rusiya sülhməramlılarına, həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkəti tam təmin edilir.

YeniAvropa xəbər verir ki, bunu aksiya təşkil olunan gündən bəri yoldan keçən avtomobillərin sayı da təsdiqləyir. Belə ki, dinc ekoloji aksiyanın davam etdiyi 130 gün ərzində Rusiya sülhməramlılarına və BQXK-ya məxsus 7500-dən çox avtomobil Laçın-Xankəndi yolundan maneəsiz keçib.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları, təminat avtomobillərini buraxmadıqları barədə xəbərlər isə, sadəcə, qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.