logo

Torontoda Azərbaycan Evinin açılışı olub

17:47 05-04-2023 | icon 917
Torontoda Azərbaycan Evinin açılışı olub

Kanadanın Ontario vilayətinin Toronto şəhərinin Nort York rayonunda Azərbaycan Evinin rəsmi açılış mərasimi keçirilib.

Açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Vasif Abutalıbov, Kanada hökumətinin və parlamentinin təmsilçiləri, Türkiyənin baş konsulu, yerli ictimaiyyətin, Hindistan, Özbəkistan və yəhudi icmalarının nümayəndələri, Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və fəalları iştirak ediblər.

Komitədən YeniAvropa-ya bildirilib ki, açılış lenti kəsildikdən sonra Kanada və Azərbaycanın Dövlət himnləri səsləndirilib. Ardınca ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirə moderatorluq edən Kanadanın keçmiş multikulturalizm naziri və sabiq parlament üzvü Toni Ruprext Azərbaycan Evinin milli mədəniyyətin qorunub saxlanılması, gənc nəslə ötürülməsi baxımından önəmini vurğulayıb.

Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Kanadada Azərbaycan Evinin açılması münasibətilə soydaşlarımızı təbrik edib, bu hadisəni dövlətimizin xaricdə yaşayan soydaşlarımıza diqqətinin və qayğısının təzahürü kimi qiymətləndirib.

Tədbirdə çıxış edən Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Filip Lourens, parlament üzvü Ali Ahsasi, yerli hökumət üzvü Maykl Tibollo, Türkiyənin Torontodakı Baş konsulu Sinem Mingan, Qızılbaş Qlobal İrsi Şurasının regional rəhbəri Arşi Qızılbaş mühüm hadisə ilə bağlı Azərbaycan icmasını təbrik edib, Azərbaycan Evinin səmərəli fəaliyyət göstərəcəyinə, gənc nəslin milli və sağlam ruhda böyüməsində böyük rol oynayacağına əminliklərini bildiriblər.

Tədbirdə Azərbaycan Evinin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Azərbaycan Evinin açılış mərasimi Azərbaycan icmasının 200-dən çox üzvü ilə daha geniş tərkibdə davam edib. Güney Azərbaycandan olan soydaşlarımızın da qatıldığı tədbirin iştirakçılarını salamlayan komitə sədri Fuad Muradov 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan həqiqətlərinin təbliği məqsədilə Ontario əyalətində geniş məlumatlandırma kampaniyası apardıqlarına və irimiqyaslı aksiyalar təşkil etdiklərinə görə icma üzvlərinə minnətdarlığını bildirib.

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayında səsləndirdiyi tapşırıq və tövsiyələri xatırladan komitə sədri xaricdə yaşayan həmvətənlərimizin həmrəyliyinin təmin olunması və postmüharibə dövründə Azərbaycan həqiqətlərinin daha güclü və mütəşəkkkil şəkildə Kanada ictimaiyyətinə çatdırılması naminə xaricdəki Azərbaycan icmalarının birlik mexanizmləri haqqında məlumat verib. Koordinasiya Şuralarının, Azərbaycan Evlərinin və Azərbaycan həftəsonu məktəblərinin fəaliyyət istiqamətlərindən danışıb. Torontoda Azərbaycan Evinin açılması münasibətilə soydaşlarımızı təbrik edib və icma üzvlərini Azərbaycan Evinin fəaliyyətində aktiv iştiraka dəvət edib.

Sonra Komitənin fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr barədə geniş videohesabat, maarifləndirici videoçarxlar təqdim olunub.

Tədbirdə çıxış edən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin və Azərbaycan Evinin rəhbəri Lalin Həsənova fəaliyyət istiqamətləri barədə məlumat verib. “Azərbaycan Evi hamımızın evidir, hər birimizin təşəbbüsünə və dəstəyinə açıqdır”, - deyə o bildirib.

“Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin fəaliyyəti haqqında videoçarx nümayiş olunub.

Sual-cavab formatında davam edən tədbirdə komitə sədri soydaşlarımızın təkliflərini dinləyib və bütün sualları cavablandırıb.

Müzakirələr zamanı Azərbaycan Evinin fəaliyyətə başlamasının bütün soydaşlarımızın arzusu olduğu, təşkilatlanma istiqamətində aparılan ardıcıl işlər, diaspor fəaliyyətinin milli-mənəvi dəyərlərimiz əsasında sistemli şəkildə həyata keçirilməsi, ölkəmizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılması, vətənimizlə bağlı elmi-tədqiqat işlərinə dəstəyin göstərilməsi, meydana çıxan çətinliklər, bundan sonrakı mərhələdə görüləcək işlərlə bağlı fikirlərini söyləyib, təkliflərini irəli sürüblər. Azərbaycan dövlətinin Güney azərbaycanlılarına dəstəyinə görə Prezident İlham Əliyevə minnətdarlıq ifadə edilib.

Tədbir bədii hissə ilə davam edib. Azərbaycanın Xalq artisti, Prezident mükafatçısı Həsən Enaminin, “Təbriz” mahnı və rəqs ansamblının, skripka ifaçısı Ceyhun İsmayılovun ifasında Azərbaycan xalq və bəstəkar mahnıları təqdim olunub.