logo

Sahibə Qafarova Əminə Ərdoğan ilə görüşüb

12:12 30-03-2023 | icon 910
Sahibə Qafarova Əminə Ərdoğan ilə görüşüb

Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə Qafarova Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, görüşdə Sahibə Qafarova müasir dövrdə ətraf mühitin mühafizəsinin ən böyük qlobal çağırışlardan biri olduğunu deyib. O, Əminə Ərdoğanın 2017-ci ildə irəli sürdüyü “Sıfır tullantı” təşəbbüsünün 2022-ci ilin dekabrında BMT Baş Assambleyasının qətnaməsi şəklində qlobal səviyyədə dəstəkləndiyini söyləyərək, bunun dünyanın qorunması və gələcək nəsillərə daha yaxşı şəkildə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib, Azərbaycanın da həmin qətnamə layihəsinə dəstək verdiyini qeyd edib. Spiker Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə görüşü çərçivəsində Əminə Ərdoğan ilə görüşdə Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın “Ümumi evimiz olan Dünya üçün Sıfır Tullantı üzrə Qlobal öhdəliyə dair Bəyannamə”ni imzaladığını vurğulayıb.

Sahibə Qafarova Türkiyədə on minlərlə insanın həyatına son qoymuş dəhşətli zəlzələ ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına bir daha dərin hüznlə başsağlığı verib, yaralananlara tezliklə şəfa diləyib. O, Türkiyənin bu zəlzələnin ağır nəticələrini Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə uğurla və tezliklə aradan qaldıracağına əminliyini söyləyib. Milli Məclisin sədri Azərbaycanın və Türkiyənin həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olduğunu, bu faciənin nəticələrinin aradan qaldırılmasında da xalqımızın və dövlətimizin öz səylərini əsirgəmədiyini qeyd edib və Heydər Əliyev Fondunun yardım kampaniyasında yaxından iştirak etdiyini bildirib. Sahibə Qafarova Milli Məclisin də öz imkanları daxilində fəlakət zonasına humanitar yardım göndərdiyini deyib.

Görüşdə prezident İlham Əliyevin öz dəstəyini nümayiş etdirmək üçün Türkiyəyə səfəri, Azərbaycan Prezidentinin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşünün keçirildiyi vurğulanıb.

Sahibə Qafarova ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsində parlamentlərin rolundan danışıb. O, Azərbaycan Milli Məclisi və Türkiyə Böyük Millət Məclisi arasında səmərəli əməkdaşlığın uğurla inkişaf etdiyini söyləyib. Spiker bu baxımdan parlament sədrlərinin, parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin vacibliyindən bəhs edib, deputatlarımızın mötəbər beynəlxalq qurumlarda bir-birinin mövqeyini dəstəklədiklərini bildirib.

Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayıb.

Əminə Ərdoğan ölkəsində baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycan dövlətinin və xalqının dəstəyini yüksək qiymətləndirib, göstərilən yardımlara görə təşəkkürünü ifadə edib.

Türkiyənin birinci xanımı “Sıfır tullantı” təşəbbüsü ilə bağlı Birləşmiş Millətlər Təşkilatında keçirilən tədbirdə Azərbaycanın yüksək səviyyədə təmsil olunmasını təqdirəlayiq hesab edib. Əminə Ərdoğan bu təşəbbüsün ətraf mühitin qorunmasında, qlobal ekoloji problemlərin həllində əhəmiyyətindən danışıb.

Türkiyə və Azərbaycan rəsmilərinin ikitərəfli və beynəlxalq səviyyədə görüşlərinin əlaqələrimizin daha da güclənməsi baxımından önəmli olduğunu deyən Əminə Ərdoğan Azərbaycan dövlətinə və xalqına sülh, əmin-amanlıq və rifah arzulayıb.