logo

İrandan Azərbaycana 42 kq narkotika keçirilmək istədi-yaxalandı

14:12 20-02-2023 | icon 1001
İrandan Azərbaycana 42 kq narkotika keçirilmək istədi-yaxalandı

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin əməkdaşları 42 kiloqram 650 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısını alıblar.

YeniAvropa xəbər verir ki, bu barədə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində fevralın 17-də saat 23:40-da Biləsuvar rayonunun Yuxarıağalı kəndi yaxınlığında 1 ədəd bağlamada ümumi çəkisi 8 kiloqram 250 qram narkotik vasitə (7 kiloqram 700 qram marixuana, 350 qram heroin və 200 qram tiryək), fevralın 18-də saat 23:30-da Füzuli rayonun Arayatılı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 2 ədəd bağlamada ümumi çəkisi 20 kiloqram 300 qram narkotik vasitə (19 kiloqram 500 qram marixuana, 800 qram tiryək və 495 ədəd narkotik tərkibli psixotrop həblər) və fevralın 19-da saat 15:25-də Füzuli rayonun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində bir ədəd bağlamada ümumi çəkisi 5 kiloqram 100 qram marixuana aşkar olunaraq götürülüb.

Bundan başqa, DSX və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində fevralın 19-da saat 09:00 radələrində Zəngilan rayonun Şərifan kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 10-DE-474 dövlət qeydiyyat nişanlı “Nexia” markalı avtomobil şübhə doğurduğu üçün saxlanılıb.

Saxlanılan şəxsin 1974-cü ildə Cəbrayıl rayonunun Kürdlər kəndində anadan olmuş, hazırda Saatlı rayonunda yaşayan Balacayev İlham Qara oğlu olduğu müəyyənləşdirilib və onun idarə etdiyi avtomobilə baxış zamanı iki ədəd bağlamada ümumi çəkisi 9 kiloqram marixuana aşkarlanaraq götürülüb.

Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.