logo

Bakıda batut gimnastikası üzrə dünya kubokunun açılışı olub

12:32 18-02-2023 | icon 2310
Bakıda batut gimnastikası üzrə dünya kubokunun açılışı olub

Fevralın 18-də Bakıda batut gimnastikası üzrə dünya kuboku yarışlarının açılış mərasimi keçirilib.

 YeniAvropa xəbər verir ki, əvvəlcə komandaların paradı olub.

Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov açılış mərasimində çıxış edərək batut gimnastikası üzrə dünya kuboku yarışlarının Bakıda altıncı dəfə təşkil olunduğunu qeyd edib. Bildirib ki, Azərbaycanda 2013-cü ilin sonundan etibarən inkişaf etdirilməyə başlayan batut gimnastikasında son 10 il ərzində yüksək uğurlar əldə edilib. 2019-cu, 2021-ci və 2022-ci illərdə keçirilmiş dünya yaş qrupları yarışlarında, eləcə də 2016-cı, 2018-ci, 2021-ci və 2022-ci illərdə təşkil edilmiş Avropa çempionatlarında Azərbaycan idmançılarının qazandıqları uğurlar dediklərimizin bariz nümunəsidir.

“Fürsətdən istifadə edib, əldə olunan nailiyyətlərə və ümumiyyətlə idmanın inkişafına göstərdikləri xüsusi diqqətə və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə və Birinci vitse-prezident, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümüzü bildiririk. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində ölkəmizdə təşkil olunan dünya kuboku yarışlarında Azərbaycanla yanaşı, 15 ölkədən 62 gimnast fərdi və sinxron proqramda çıxış edəcək”, - deyə E.Məmmədov əlavə edib.

Gənclər və İdman Nazirliyi adından yarış iştirakçılarına uğurlar arzulayan E.Məmmədov turniri açıq elan edib.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

İki gün davam edəcək yarışda ölkəmizi yığma komandanın üzvü Selcan Mahsudova təmsil edəcək.

Xatırladaq ki, batut gimnastikası Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayıb. İdmansevərlər batut ulduzlarının təqdimatında maraqlı mübarizəni “İdman TV” kanalı vasitəsilə canlı izləyə biləcəklər.

Ənənəyə uyğun olaraq, kubok yarışlarında ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.