logo

Siyəzəndə baş verən qəzada ölən və yaralananların şəxsiyyəti bəlli olub

11:51 17-02-2023 | icon 1036
Siyəzəndə baş verən qəzada ölən və yaralananların şəxsiyyəti bəlli olub

Bakı-Quba yolunun Siyəzən rayonunun Beşdam kəndi ərazisində "Mercedes Vito" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində ölənlərin şəxsiyyəti müəyyənləşib.

 YeniAvropa xəbər verir ki, hadisə nəticəsində "Mercedes Vito" markalı avtobilin sərnişinləri – 34 yaşlı İsmayılova Aygün Eldar qızı, 38 yaşlı Vəliyeva Aygün Vidadi qızı və "Opel" markalı avtomobilin sürücüsünün anası, Siyəzən şəhər sakini Hümbətova Qənimət Əlisahib qızı ölüblər.

Qəzada dünyasını dəyişən Aygün İsmayılova və Aygün Vəliyeva Siyəzən rayonunun Feyruz Cəlilov adına Məşrif kənd tam orta məktəbinin müəllimləridir.

Qeyd edək ki, hadisə fevralın 17-si səhər saat 08:15 radələrində baş verib."Mercedes Vito" markalı 77-CY-723 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Quba istiqamətinə hərəkətdə olarkən idarəetməni itirərək əks istiqamətdə hərəkətdə olan "Opel" markalı 50-DL-063 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Hadisə nəticəsində “Mercedes”də olan sərnişinlərdən 2 nəfər hadisə yerində ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Yaralılar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, xəsarət alanlardan daha biri xəstəxanada ölüb.

Hadisədə yaralanan 7 nəfər - 1993-cü il təvəllüdlü Xəlilova Çinarə Cavanşir qızı, 1997-ci il təvəllüdlü Hümbətov İftixar Çingiz oğlu, 1996-cı il təvəllüdlü Abbasova Səbinə Əliyar qızı, 1992-ci il təvəllüdlü Rəsulova Səbinə Akif qızı, 1999-cu il təvəllüdlü İmanov Kənan Vazi oğlu, 1984-cü il təvəllüdlü Abdullayev Vüqar Məhəmməd oğlu və 1978-ci il təvəllüdlü Mustafayeva Xanım Nemət qızı Siyəzən Regional Diaqnostika Mərkəzinə müalicələrini davam etdirir. Onlardan 2 nəfərin (vəziyyətləri ağır qiymətləndirilir) müalicəsi reanimasiya şöbəsində, 5 nəfərin (vəziyyətləri orta ağır qiymətləndirilir) müalicəsi isə Təcili tibbi yardım bölməsində davam etdirilir.

"Mercedes Vito" markalı avtomobilin sərnişinləri Sumqayıt və Bakı şəhərlərindən Siyəzənə gələn müəllimlər olub.

Faktla bağlı araşdırma aparılır.