logo

Siyəzəndəki avtoqəzada yaralananlardan daha 2 nəfərin vəziyyəti ağırdır-TƏBİB

10:30 17-02-2023 | icon 854
Siyəzəndəki avtoqəzada yaralananlardan daha 2 nəfərin vəziyyəti ağırdır-TƏBİB

Siyəzəndə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 8 nəfər TƏBİB-in tabeliyindəki Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

TƏBİB-dən YeniAvropa-ya bildirilib ki, yaralananlardan hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hadisə nəticəsində aqonal vəziyyətdə tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilən 1 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə nəticəsində müxtəlif növ bədən xəsarətləri alan 2 nəfərin (vəziyyətləri ağır qiymətləndirilir) müalicəsi Reanimasiya şöbəsində, 5 nəfərin (vəziyyətləri orta ağır qiymətləndirilir) müalicəsi isə Təcili tibbi yardım bölməsində davam etdirilir.

Qeyd edək ki, bu gün saat 08:15 radələrində Bakı-Quba yolunun 99-cu kilometrliyində Siyəzən rayonu Beşdam kəndi ərazisində ağır avtoqəza baş verib.

"Mercedes Vito" markalı 77-CY-723 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Quba istiqamətinə hərəkətdə olarkən idarəetməni itirərək əks istiqamətdə hərəkətdə olan "Opel" markalı 50-DL-063 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Hadisə nəticəsində “Mercedes”də olan sərnişinlərdən 3 nəfər hadisə yerində ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

İlkin məlumata görə, "Mercedes Vito" markalı avtomobildə olanlar Sumqayıt və Bakı şəhərindən Siyəzənə gələn müəllimlər olub.

Hadisə şahidləri ölənlərdən birinin Məşrif, digərinin isə Qozağacı kənd məktəbində dərs deyən müəllimlər olduğunu bildirib.

Faktla bağlı araşdırma aparılır.