logo

Ukrayna Rusiyaya görə ATƏT PA-nın qış sessiyasına qatılmayacaq

11:55 15-02-2023 | icon 1253
Ukrayna Rusiyaya görə ATƏT PA-nın qış sessiyasına qatılmayacaq

Ukrayna fevralın 23-24-də ATƏT Parlament Assambleyasının (ATƏT PA) Vyanada keçiriləcək qış sessiyasında iştirakdan imtina edə bilər.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Ukrayna Ali Radasının spikeri Ruslan Stefançuk ATƏT PA-nın prezidenti Marqarete Sederfeltə məktubunda bildirib. Məktubda qeyd olunur ki, Ukrayna tərəfinə Avstriya rəsmi qurumlarının Rusiya nümayəndə heyəti üçün viza verməyə hazır olduğu və rusiyalı parlamentarilərin beynəlxalq tədbirdə iştirak edəcəyinə dair məlumat daxil olub. Qış sessiyasının məhz Ukraynaya qarşı müharibənin başlamasının ildönümünə təsadüf etdiyi və rusiyalı parlamentarilərin həmin müharibəni dəstəklədiyi də diqqətə çatdırılıb.

Daha sonra bildirilib ki, Rusiya tərəfi beynəlxalq tədbirdən Ukraynaya qarşı təcavüzün hüquqi əsaslandırılması və bu ölkəyə qarşı törədilmiş müharibə cinayətlərini ört-basdır edilməsi üçün sui-istifadə edəcəklər. Bu isə ATƏT PA-nın nüfuzu və onun tutduğu mövqeyə ağır zərbə vuracaq. Məhz buna görə də Rusiya nümayəndə heyətinin qış sessiyasında iştirak edəcəyi təqdirdə Ukrayna tərəfi iştirakdan imtina etmək barədə düşünəcək.

Qeyd edilməlidir ki, bir sıra ölkələrin parlamentariləri Avstriya tərəfinə Rusiya nümayəndə heyətinə viza verilməməsi üçün müraciət etmişdi, hətta Litva tədbiri boykot etməyə hazır olduğunu da elan edib. Avstriya tərəfi isə beynəlxalq öhdəlikləri əsas göstərərək, Rusiya tərəfinə viza verməkdən imtinanın mümkün olmadığını dəfələrlə ifadə edib.