logo

Ali Məhkəmənin tərkibi 70% yenilənib

18:16 13-02-2023 | icon 819
Ali Məhkəmənin tərkibi 70% yenilənib

Dövlət başçısının 2019-cu il aprelin 3-də imzaladığı Fərmanla məhkəmə islahatları müasir çağırışlara uyğun olaraq yeni mərhələyə keçib.

YeniAvropa xəbər verir ki, bunu Ali Məhkəmənin 100 illiyinə həsr olunan beynəlxalq konfransda ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov deyib.

Bu sahədə qısa müddətdə görülmüş işlərdən danışan ədliyyə naziri Fikrət Məmmədov qeyd edib ki, institusional tədbirlər çərçivəsində 13 regional məhkəmə, o cümlədən bölgələrdə ayrıca inzibati və kommersiya məhkəmələri yaradılıb, özəl ekspertiza təsbit olunub, mediasiya institutu fəaliyyətə başlayıb. Sadələşdirilmiş və yazılı icraatın genişləndirilməsi, proseslərdə videokonfransın və elektron icraatın tətbiqi, məhkəmə rüsumlarının diferensiasiyası ədalət mühakiməsinin səmərəliliyinə müsbət təsir göstərib. Eyni zamanda, Fərmana uyğun olaraq hakimlərin fəaliyyətinin müasir tələblərə cavab verən yeni, şəffaf qiymətləndirmə Qaydaları müəyyən edilib. Bu prosesdə Ali Məhkəmə əhəmiyyətli rol oynayır, hər bir hakimin fəaliyyətini ətraflı və prinsipial təhlil etməklə rəylər verir. Məhkəmə-Hüquq Şurasının üzvü olan Ali Məhkəmənin hakimləri qiymətləndirmə prosesində bilavasitə və fəal iştirak edirlər.

“Fərmanla, həmçinin hakimlərimizin sayı üçdəbir qədər - 200 vahid artırılıb. Bu ştatların tezliklə komplektləşdirilməsi məqsədilə hakimlərin seçimi davamlı xarakter alıb və artıq 123 nəfər birinci instansiya məhkəmələrinin hakimi təyin edilib. Onların yarıya qədərini qadınların təşkil etməsi xüsusi qeyd olunmalıdır. Bu isə daha təcrübəli hakimlərin irəli çəkilməsinə imkan yaradıb və nəticədə Ali Məhkəmənin tərkibi 70 faiz yenilənib.

Ali Məhkəmə həm də məhkəmə sistemi üçün böyük kadr ehtiyatı rolu oynayır. Belə ki, Ali Məhkəmənin hakimləri apellyasiya instansiyası məhkəmələrinin, habelə mühüm birinci instansiya məhkəmələrinin sədrləri vəzifəsinə təyinat alıblar, - deyə Məhkəmə-Hüquq Şurasının sədri vurğulayıb.