logo

“Tonqal” restoranında keyfiyyətsiz ətdən 13 nəfər zəhərləndi

11:04 13-08-2018 | icon 4193
“Tonqal” restoranında keyfiyyətsiz ətdən 13 nəfər zəhərləndi

Qida Təhlükəsizliyi Agentliyi avqustun 11-də “Tonqal” restoranında baş vermis zəhərlənmə ilə bağlı açıqlama yayıb.

Agentlikdən YeniAvropa-ya bildiriblər ki, Nərimanov rayonu, Həsən Əliyev prospekti 82 ünvanında yerləşən “Tonqal” restoranında kütləvi zəhərlənmə olub. Qida Təhlükəsizliyi Agentliyində operativ işçi qrupu yaradılıb, hadisənin baş verdiyi restoranda, zəhərlənən şəxslərin yerləşdirildiyi Klinik Tibbi Mərkəzdə və 2 saylı Uşaq Kliniki Xəstəxanasında qida təhlükəsizliyi araşdırmalarına başlanılıb.

İlkin məlumatlara əsasən, axşam saat 20:00-da “Tonqal” restoranında iki ayrı masada qidalanan müxtəlif ailə üzvlərində bir neçə saatdan sonra zəhərlənmə əlamətləri müşahidə edilib. Hadisə nəticəsində 3-ü azyaşlı olmaqla 13 nəfər zəhərlənib.

Mütəxəssislər tərəfindən xəstələrdən nümunələr götürülüb və aidiyyəti üzrə laboratoriyaya göndərilib. İlkin araşdırmalara görə zəhərlənməyə səbəb baytarlıq-sanitariya nəzarətindən keçirilməmiş ət və ət məhsullarından hazırlanan qidalar olub.

Bundan əlavə hadisənin baş verdiyi “Tonqal” restoranında müvafiq epidemoloji araşdırmalar aparılıb, bir sıra ciddi qida təhlükəsizliyi qaydalarının pozulduğu müəyyən olunub.

Araşdırmalar davam etdirilir, nəticəsi ilə bağlı açıqlama veriləcək.

Qeyd edək ki, zəhərlənən 13 nəfərdən 11-i aparılan müayinə və müalicələrdən sonra evə buraxılıb, 2 nəfər azyaşlının müalicəsi isə 2 saylı Uşaq Kliniki Xəstəxanasında davam etdirilir.