logo

Bakı–Tbilisi–Ceyhan kəməri ilə 4 milyard barel neft ixrac edilib

15:30 09-02-2023 | icon 1169
Bakı–Tbilisi–Ceyhan kəməri ilə 4 milyard barel neft ixrac edilib

2022-ci ildə Bakı–Tbilisi–Ceyhan (BTC) neft boru kəməri üzrə əməliyyat xərclərinə təxminən 100 milyon dollar, əsaslı xərclərə isə 27 milyon dollar vəsait xərclənib.

YeniAvropa xəbər verir ki, bu barədə  "BP"nin illik hesabatında bildirilib. Qeyd olunub ki, ötən il martın 23-də BTC boru kəməri ilə Səngəçal terminalından Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Ceyhan terminalına ixrac olunmuş neftin yüklənildiyi 5000-ci tanker yola salınıb.

1768 kilometr uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2022-ci ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 531 milyon tondan çox (3,99 milyard barel) xam neft nəql edilib və Ceyhanda 5244 tankerə yüklənərək dünya bazarlarına göndərilib. İndiyədək BTC ilə nəql olunan neft ixracı cari il yanvar 18-də 4 milyard barelə çatıb.

2022-ci ildə BTC vasitəsilə ixrac olunmuş təqribən 30 milyon ton (təxminən 224 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 305 tankerə yüklənib və yola salınıb.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan və Türkmənistan) də nəql olunur.