logo

Türkiyədə zəlzələdə zərər çəkənlərə yardım üçün ikinci əl əşyalar qəbul edilmir

14:13 08-02-2023 | icon 1036
Türkiyədə zəlzələdə zərər çəkənlərə yardım üçün ikinci əl əşyalar qəbul edilmir

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) Türkiyənin ölkəmizdəki səfirliyinin zəlzələ bölgəsinə humanitar yardım göstərilməsi məqsədi ilə Azərbaycan vətəndaşlarına çağırışına qoşularaq qardaş ölkəyə dəstək məqsədilə humanitar yardım kampaniyasına start verib.

YeniAvropa xəbər verir ki, fevralın 14-dək davam etməsi nəzərdə tutulan yardım kampaniyasına dəstək göstərən əhali tərəfindən Bakı İdman Sarayına (Neftçilər prospekti 26a), o cümlədən Heydər Əliyev adına İdman Konsert Kompleksinə (Abbas Səhhət küçəsi 2) çoxsaylı əşya və ləvazimatlar gətirilməkdədir.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) və Qızıl Aypara Cəmiyyətinin sanitar-epidemioloji şərtlərdən irəli gələrək verdiyi rəsmi açıqlamasına istinadən, virusun yayılma riskini artırdığına görə əhalidən ikinci əl geyim və əşyalardan ibarət yardım göndərməməsi təkidlə xahiş olunur. Eyni zamanda, qida təhlükəsizliyinin önəmi nəzərə alınaraq qida məhsullarının humanitar yardım çərçivəsində qəbul edilməyəcəyi nəzərə alınmalıdır.

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi vətəndaşlara yardım kampaniyasında fəal iştirakına görə təşəkkür edir və yalnız ilkin tələb olunan və istifadə edilməmiş ləvazimatların qeyd edilən ünvana təhvil verilməsini xahiş edir.