logo

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 30 illik yubileyi qeyd olunub

16:13 07-02-2023 | icon 910
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 30 illik yubileyi qeyd olunub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirilib.

YeniAvropa xəbər verir ki, tədbirdə ölkəmizin dövlət və hökumət rəsmiləri, həmçinin Beynəlxalq Həmkarlar ittifaqları Konfederasiyasının, Pan Avropa Regional Şurasının, Beynəlxalq Əmək Təşkilatının, Avrasiya Qida, Meşə və Turizm İşçiləri Federasiyasının rəhbərliyi, eləcə də Türkiyə, Gürcüstan, Litva, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Bolqarıstan, Malavi, İordaniya, İsrail, Albaniya, Moldova, Norveç, Rusiya, Serbiya və Zambiyanın həmkarlar ittifaqları sədrləri və nümayəndələri iştirak ediblər.

Çıxışlardan əvvəl AHİK-in 30 illik yubileyi ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı təbrik məktubu oxunub.

Ardınca Azərbaycanın ulu öndəri Heydər Əliyevin, Vətənimizin azadlığı və müdafiəsi naminə şəhid olmuş oğul və qızlarımızın, həyatını itirmiş həmkarlar ittifaqı liderlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edərək tədbir iştirakçılarını və Azərbaycan həmkarlar ittifaqlarının bütün üzvlərini yubiley münasibətilə təbrik edib, həmkarlar ittifaqlarının tarixindən, keçdiyi inkişaf yolundan, AHİK-in yaranmasından, ölkəmizin ictimai həyatında rolundan və əhəmiyyətindən danışıb. Bildirib ki, AHİK bu gün öz sıralarında 1,5 milyonadək həmkarlar ittifaqı üzvünü birləşdirir. Quruma 27 həmkarlar ittifaqı mərkəzi, o cümlədən 501 şəhər, rayon həmkarlar ittifaqı təşkilatı, 60 birləşmiş həmkarlar ittifaqı komitəsi, 14 min 202 ilk həmkarlar ittifaqı təşkilatı daxildir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Nazirlər Kabineti və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında Baş Kollektiv Sazişin bağlanması sosial tərəfdaşlığın müsbət nümunəsidir. Həmin sənədin əsasında sahə həmkarlar ittifaqı Respublika Komitələri tarif sazişi, ilk həmkarlar ittifaqı təşkilatları isə kollektiv müqavilələr imzalayırlar. Hazırda 11 min 476 kollektiv müqavilə, 122 tarif sazişi fəaliyyət göstərməkdədir.

“AHİK yarandığı gündən işçilərin sosial təminatlarına dair qanun və proqramların, normativ hüquqi sənədlərin işlənib hazırlanmasında fəal iştirak edir. İndiyədək qanunverici və icra orqanlarının hazırladığı 544-dən çox qanun layihəsinə öz təkliflərimizi vermişik. Onların əksəriyyəti nəzərə alınıb”, - deyə AHİK sədri diqqətə çatdırıb.

Qeyd edib ki, AHİK-in yarandığı ilk illərdən indiyə kimi 3 milyona yaxın ərizə və şikayətə baxılıb, 100 minə yaxın işçinin pozulmuş hüquqları bərpa olunub. 2023-cü il yanvarın 1-dək həmkarlar ittifaqlarına 162 min 78 ərizə və şikayət daxil olub. Onların 97 faizi müsbət həllini tapıb. Əmək hüquqlarının müdafiəsi ilə bağlı 1698 müraciət daxil olub, həmçinin AHİK və üzv təşkilatlara işə bərpa ilə əlaqədar olunan 225 müraciətdən 135-i müsbət həll edilib. Məhkəmələrdə əmək mübahisəsinə aid 11 iddia qaldırılıb ki, onların da əksəriyyəti təmin olunub.

Bildirib ki, AHİK bu gün dünya ölkələrinin 70-dən çox həmkarlar ittifaqları mərkəzi ilə əməkdaşlıq edir. Azərbaycan həmkarlar ittifaqlarının beynəlxalq həmkarlar ittifaqı hərəkatında oynadığı rol nəzərə alınaraq AHİK-in rəhbəri son üç seçkidə BHİK-in və Pan Avropa Regional Şurasının vitse-prezidenti seçilib. Səttar Möhbalıyev bu yaxınlarda AHİK-in nümayəndəsinin Pan Avropa Regional Şurası Qadınlar komitəsinin prezidenti seçildiyini də diqqətə çatdırıb.

AHİK sədrinin çıxışından sonra qurumun 30 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının təmsilçisi, Pan Avropa Regional Şurasının icraçı katibi Anton Leppik, Beynəlxalq Əmək Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə nümayəndəsi Sergiyus Glovaskas, Pan Avropa Regional Şurasının prezidenti, Gürcüstan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri İrakli Petriaşvili çıxışlarında AHİK-in fəaliyyətindən, dünya həmkarlar ittifaqlarının həyatında fəal rolundan, təcrübəsinin zənginliyindən və əhəmiyyətindən bəhs ediblər.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov və digər çıxış edənlər AHİK-in ölkəmizin həyatında əvəzsiz xidmətlərindən, şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına, aztəminatlı ailələrə diqqət və qayğısından, əmək hüquqlarının qorunması istiqamətində gördüyü işlərdən söz açıblar.