logo

Tarif Şurasının iclası keçirilib

16:16 31-01-2023 | icon 1218
Tarif Şurasının iclası keçirilib

Tarif (qiymət) Şurasının yanvarın 31-də keçirilən növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılıb və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.

Şuradan YeniAvropa-ya bildirilib ki, müraciətlərdə sonuncu tənzimləmədən ötən müddətdə ehtiyat hissələrinin idxal qiymətinin və təmir xərclərinin artmasının sərnişindaşımada maya dəyərinə ciddi təsiri, daşıyıcı şirkətlərin maliyyə vəziyyəti, avtobus parklarının yenilənməsi və xidmətin davamlılığının təmin edilməsi ilə bağlı məsələlərin tarif tənzimlənməsinə zərurət yaratdığı bildirilir. Məlumat üçün qeyd edək ki, şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası, həmçinin şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tariflərin yuxarı həddi və metroda sərnişindaşıma xidmətinin tarifi ilə bağlı sonuncu qərar 2018-ci ilin avqust ayında qüvvəyə minib.

Tarif (qiymət) Şurasının iclasında təklif olunan müxtəlif tarif artımı variantları nəzərdən keçirilib, dövlətin sosial siyasətinə uyğun olaraq, sosialyönümlülük nəzərə alınmaqla ən optimal variant seçilib. Təkliflərin dəyərləndirilməsi zamanı xidmətin dayanıqlılığının təmin olunması, istehlakçı ilə xidmət göstərənin maraqlarının uzlaşdırılması, iqtisadi əlverişlilik, müştəri məmnuniyyəti, xidmət səviyyəsinin yaxşılaşdırılması kimi amillər əsas götürülüb.

Aparılan müzakirələrdən sonra 10 qəpik artırılmaqla metroda sərnişindaşıma tarifi 1 gediş üçün 40 qəpik, ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilib. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunub (əvvəlki tarif 2,4 qəpik).

Tarif dəyişikliyi nəticəsində yaranacaq əlavə vəsait avtobus parklarının yenilənməsinə imkan yaradacaq, xidmətin keyfiyyətinin yüksəldilməsinə və dayanıqlılığına müsbət təsir göstərəcək.

İclasda, həmçinin sosial baxımdan həssas qrupların mənafeyinin qorunması məqsədilə tariflərin diferensiallaşdırılmasının, gediş sayına və vaxt limitinə görə fərqlənən çoxpilləli tariflərin tətbiqinin, gediş haqqının nağdsız qaydada ödənilməsini təmin edən zəruri işlərin qısa müddətdə başa çatdırılmasının zəruriliyi vurğulanıb.

İclasda yeni dövlət qeydiyyatına alınan 48 dərman vasitəsinin qiyməti təsdiq və etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyindən müvafiq rəy alınmış 31 dərman vasitəsinin qiymətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”nın 7.1-ci bəndinə və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat”ın 4.1-ci bəndinə uyğun olaraq dəyişikliklər edilib. Bununla da, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiyməti təsdiq edilmiş dərman vasitələrinin sayı 13 690 təşkil edir və onların tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Qərarlar 2023-cü il 3 fevral tarixindən qüvvəyə minir.