logo

“Masdar” Azərbaycanın güvənilən tərəfdaşıdır-Pərviz Şahbazov

10:30 17-01-2023 | icon 1722
“Masdar” Azərbaycanın güvənilən tərəfdaşıdır-Pərviz Şahbazov

“Azərbaycanın hazırda əsas prioriteti zəngin bərpaolunan enerji mənbələrindən elektrik enerjisinin, hidrogenin istehsalı, ölkənin enerji sisteminə inteqrasiyası ilə yanaşı, daha çox Avropa bazarlarına nəqli və zəruri infrastrukturun qurulmasına nail olmaqdır. Bu çoxşaxəli fəaliyyətin həyata keçirilməsində “Masdar” bizim üçün mühüm və güvənilən tərəfdaşdır.

YeniAvropa xəbər verir ki, bu fikri Azərbaycanın energetika naziri Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərində Əbu-Dabi Dayanıqlıq Həftəsi çərçivəsində bu ölkənin energetika və infrastruktur naziri Suhail Mohamed Al Mazrouei ilə görüşündə səsləndirib.

Pərviz Şahbazov dayanıqlı inkişafla bağlı müasir çağırışların mötəbər müzakirə platformasına dəvətə görə həmkarına təşəkkür edib.

Görüşdə nazirlər Azərbaycan prezidentinin tədbirdə iştirakının, həmçinin dövlət başçılarının görüşünün ölkələrimiz arasında yüksək münasibətlərin təzahürü olduğu vurğulanıb. Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərə strateji əhəmiyyət qazandıran əməkdaşlıq əlaqələrində isə enerjinin mühüm yer tutduğu qeyd edilib. 

Bildirilib ki, “yaşıl enerji”nin inkişafı və ötürülməsi ilə bağlı Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış əməkdaşlıq sənədinin, Azərbaycanın “yaşıl enerji” dəhlizinin mənbəyi olmasını təmin edəcək layihə və tədbirlərin icrası üzrə məsləhətləşmələr aparılır.

BƏƏ-nin energetika və infrastruktur naziri Suhail Mohamed Al Mazrouei isə dünyada bərpaolunan enerji güclərinin quraşdırılma tendensiyası, bu sahənin inkişafı üçün zəruri amillər və ölkəsinin “yaşıl enerji” üzrə hədəflərindən söz açıb. “Yaşıl enerji” sahəsində beynəlxalq əməkdaşlığın önəmini vurğulayan Suhail Mohamed Al Mazrouei Azərbaycanla enerji əməkdaşlığına qardaşlıq kontekstində əhəmiyyət verdiklərini bildirib və ölkəsinin birgə meqa layihələrin reallaşmasına dəstəyini ifadə edib.

Söhbət zamanı, həmçinin beynəlxalq enerji bazarlarında son vəziyyətə dair fikir mübadiləsi aparılıb.