logo

Astarada sitrus bağlarını şaxta vurub

12:32 16-01-2023 | icon 1162
Astarada sitrus bağlarını şaxta vurub

Bir neçə gün əvvəl cənub bölgəsinə yağan qar və havanın şaxtalı keçməsi səbəbindən Astaranın sitrus bağlarına ciddi ziyan dəyib. Narıngi anbarlarda çürüyüb, portağalı isə şaxta vurub.

YeniAvropa xəbər verir ki, əsas dolanışıqları narıngi və portağal bağlarından çıxan təsərrüfat sahibləri əlacsız vəziyyətə düşüblər. Bu il bol məhsula sevinən təsərrüfatçılar ucuz olduğundan meyvəni satmağa tələsməyiblər. Narıngini kustar üsulla anbarlarda, portağalı isə ağaclarda saxlayıblar - zamanı gələndə daha sərfəli qiymətə sata bilsinlər deyə. Amma gözləntiləri özünü doğrultmayıb.

Miki kənd sakini Valeh Mürsəlov KİV-ə müsahibəsində ona külli miqdarda ziyan dəydiyini deyib: “10 min manata yaxın ziyan dəyib. Məhsulu hər il yanvarın axırı dərirdim. Bu il də o fikirdə idim ki, yanvarın axırı dərərik. Elə olanda mart ayınadək qalır. Narıngini vaxtında dərsək də, 20-30 qəpik olduğundan sata bilmədik. Heç dərman pulu çıxmır. Son günlər qiyməti 50 qəpiyə qalxıb. Portağal isə 60-70 qəpiyədir indi”.

Kəndin demək olar bütün sitrusçuları eyni problemlə üzləşiblər. Bu il qazanc götürə bilməyən təsərrüfat sahibləri çıxılmaz vəziyyətdədirlər. 

Təsərrüfat sahibləri deyirlər ki, ərazidə soyuducu anbar olmadığından meyvəni ev şəraitində saxlamağa məcburdurlar. Bu il yağıntılar çox düşdüyündən rütubət maksimum həddə çatıb. Bu da məhsulun çürümə riskini artırıb.

Bölgədə son illər sitrusçuluğun daha çox inkişaf etməsi və məhsul bolluğu ixrac imkanlarını labüd edir. Təsərrüfatçıların sözlərinə görə, məhsullarını xarici bazara çıxara bilmirlər. Elə problemin kökündə duran əsas səbəblərdən biri də budur.

Qeyd edək ki, Astarada 2417 hektar narıngi, 450 hektar portağal bağı var. Bağlardan 42 min ton narıngi, 5 min ton portağal tədarük olunub.