logo

Bu gün rekord sayra iştirakçı ilə Davos Dünya İqtisadi Forumu başlayır

11:44 16-01-2023 | icon 1120
Bu gün rekord sayra iştirakçı ilə Davos Dünya İqtisadi Forumu başlayır

Bu gün  İsveçrənin Davos şəhərində “Parçalanmış dünya şəraitində əməkdaşlıq” devizi altında Dünya İqtisadi Forumu  öz işinə başlayır.

YeniAvropa xəbər verir ki, yanvarın 20-dək davam edəcək builki forumda rekord sayda-130 ölkədən 52 dövlət və hökumət başçıları, eləcə də  2700-dən çox dövlət, özəl və vətəndaş cəmiyyəti liderlərinin iştirakı gözlənilir.

Foruma qatılanlar sırasında Polşa prezidenti Anjey Duda, NATO-nun baş katibi Yens Stoltenberq, Serbiya prezidenti Aleksandr Vuçiç, ABŞ prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerri, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus, ÜTT-nin baş direktoru Nqozi Okonco-İveala, həmçinin Beynəlxalq Valyuta Fondunun sərəncamçı direktoru Kristalina Georgiyeva və digərləri yer alır. 

Toplantıda əsas müzakilərdən biri Ukraynada davam edən müharibənin gətirdiyi sosial-iqtisadi problemlərin qlobal iqtisadiyyata mənfi təsirlərinə həsr ediləcək. 

Bundan əlavə Forumun builki gündəliyində beş tematik mövzu üstünlük təşkil edir. Enerji, iqlim və təbiət üçün yeni sistem kontekstində mövcud enerji və ərzaq böhranlarının həll edilməsi əsas prioritet müzakirə mövzularından biri olacaq. Digər müzakirə mövzusu yüksək inflyasiya, aşağı artım, yüksək borclu iqtisadiyyatlar kimi problemlərin həllində rol oynayan investisiyanın, ticarətin və infrastrukturların yeni sistemlər vasitəsilə inkişaf yollarıdır. Həmçinin Dördüncü Sənaye İnqilabı (4İR), iqlim dəyişikliyi və geosiyasi bölünmələr şəraitində özəl sektorda innovasiya və dayanıqlılığı artırmaq üçün potensial texnologiyalardan istifadə ətrafında mövzular Davos İqtisadi Forumun gündəliyinə daxil edilib. Bütün bunlarla yanaşı, qlobal iqtisadi böhran çərçivəsində iş yerlərinin bağlanması, məşğulluğun azalması, real gəlirlərin düşməsi kimi sosial problemlərin təhsilə, insan kapitalına və səhiyyəyə investisiyaların artırılması ilə aradan qaldırılmasının mümkünlüyü müzakirə mövzusu olacaq.

Qütbləşən qlobal münasibətlərdə mövcud geosiyasi risklərin aradan qaldırılması üçün yeni qlobal sistemin yaradılması mövzusu da aktuallıq təşkil edəcək.

Davos İqtisadi Forumunun gündəliyinə uyğun olaraq, 2023-cü il üçün Qlobal Risk Hesabatı təqdim edilib. Hesabata əsasən, mövcud vəziyyətdə təsiri hiss edilən qlobal risklər, 2025-ci ildə təzyiqi artacaq risklər və 2033-cü ildə qlobal səviyyədə aktuallaşacaq risklər vurğulanıb. 2023-cü ildə qlobal səviyyədə təsiri hiss ediləcək risklər “enerji təchizatı böhranı”, “yaşayış xərcləri böhranı”, “artan inflyasiya”, “ərzaq təchizatı böhranı” və “kritik infrastruktura kiberhücumlar” kateqoriyaları üzrə qruplaşdırılıb. 2025-ci ilə gedən yolda isə iki illik risklərə “borc böhranları”, “qiymət trayektoriyalarının sabitləşdirilməməsi”, “iqlim dəyişikliyinin ləngidilməsində uğursuzluq”, “iqlim dəyişikliyinə adaptasiyada uğursuzluq”, “geniş yayılmış kibercinayətkarlıq və kibertəhlükəsizlik” və “ətraf mühitə böyük ziyan vuran hadisələr” daxil edilib.

Qlobal Risk Hesabatında Qlobal Risk Qavrama Sorğusunun (GRPS) 10 illik risklər kateqoriyasında isə daha çox ekosistem ilə bağlı böhranlar qeydə alınıb. Belə ki, “İqlim dəyişikliyinin ləngidilməsində uğursuzluq”, “İqlim dəyişikliyinə adaptasiyada uğursuzluq”, “Təbii fəlakətlər və ekstremal hava hadisələri” və “Biomüxtəlifliyin itirilməsi və ekosistemin dağılması” əsas böhrana aparacaq risk kateqoriyalarıdır.