logo

Allahşükür Paşazadə dünya azərbaycanlılarına müraciət edib

13:13 28-12-2022 | icon 1141
Allahşükür Paşazadə dünya azərbaycanlılarına müraciət edib

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə azərbaycanlılara müraciət edib.

YeniAvropa xəbər verir ki,  müraciətdə deyilir:

"Möhtərəm və əziz həmvətənlər!

Yer kürəsinin müxtəlif ölkələrində yaşayan soydaşlarımıza müraciət edərək Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edir, Uca Yaradanımızdan xeyir-dualar diləyir və ən xoş arzularımı yetirirəm.

Bu il ikinci ildönümünü qeyd etdiyimiz Qarabağ Zəfəri hər bir azərbaycanlı üçün tarixi ədalətin bərpası uğrunda Haqq savaşımızın şərəf və qürur mənbəyidir. Uca Allahın köməyi, Ali Baş Komandanımız prezident İlham Əliyev cənablarının rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu ərazi bütövlüyümüzün bərpası kimi şərəfli missiyanı həyata keçirdi. Azərbaycanın torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda qəhrəmancasına vuruşan Ordumuz dünya hərb tarixinə Şuşa qalasının alınması kimi şanlı səhifə yazdı, Azərbaycan Bayrağını əzəli torpaqlarımızda ucaltdı. Vətən naminə canını fəda edərək şəhidlik məqamına yüksəlmiş bütün qəhrəman əsgər və zabitlərimizə Allahdan rəhmət, şücaətli qazilərimizə şəfalar diləyirik!

Şükürlər olsun ki, hər il bayramlarımızı 30 il həsrətində olduğumuz Şuşanın Cıdır düzündə qarşılamaq arzumuz bizlərə nəsib oldu. 2022-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı elan olunan Şuşa önəmli beynəlxalq tədbirlərin keçirildiyi, 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı adına layiq görülmüş mübarək məkandır. Bir millət, iki dövlət – Azərbaycan - Türkiyə münasibətlərinin qardaşlıq və müttəfiqliyinin mühüm tarixi nailiyyəti olan Şuşa Bəyannaməsinin ardınca Şuşada bu il türk-İslam həmrəyliyinin təcəssümü olan Türk Dövlətləri Təşkilatı Müsəlman Dini İdarə Rəhbərləri Şurasının təsis olunması, ilk Bəyannaməsinin qəbul edilməsi xüsusi rəmzi məna daşımaqla böyük mənəvi uğurumuzdur. Bu il Şuşa Dünya Azərbaycanlılarının V Qurultayına evsahibliyi etdi. Qürur ünvanımız Şuşada tarixə Zəfər Qurultayı kimi həkk olunmuş bu tədbir, əminəm ki, hər bir soydaşımız üçün xüsusi önəm kəsb etdi. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün bayram edilməsi ənənəsinin əsasını qoymuş, ilk Qurultayın təşəbbüskarı Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 100 illiyini gələn il təntənə ilə qeyd edəcəyik, inşallah.

Möhtərəm həmvətənlər! Azərbaycan torpaqlarında erməni vandalizminin acı nəticələri –vəhşicəsinə dağıdılmış şəhər və kəndlərin, tarixi, mədəni və dini abidələrimizin bərpası ilə bağlı hazırda davamlı şəkildə aparılan genişmiqyaslı quruculuq işləri bizi hədsiz sevindirir. Prezident İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalqımızın yüksək mənəvi dəyərlərinə ənənəvi olaraq diqqət və qayğı ilə yanaşmasına bütün dünya şahiddir. Şuşada yeni, möhtəşəm məscid binasının təməlinin qoyulması, Füzulidə, Zəngilanda fəaliyyətə başlamış beynəlxalq hava limanları, Şüşaya aparan Zəfər yolu, yeni Laçın yolu, əsası qoyulan sənaye obyektləri, ilk sakinlərini qarşılamış müasir Ağalı kəndi dövlətimizin gücünə və qüdrətinə inamımızı, gələcəyə nikbinliyimizi artırır. Uca Allahın köməyi, müdrik dövlət rəhbərimizin misilsiz səyləri ilə, əminik ki, işğaldan azad olunmuş torpaqlarımız ən qısa zamanda yenidən dirçəldiləcək, Böyük Qayıdış tezliklə gerçəkləşəcəkdir.

Əziz həmvətənlər! Sizləri hər birimiz üçün önəmli olan Həmrəylik günündə təbrik fürsətindən istifadə edərək, mühüm olan bir reallığı xatırlatmaq istərdim. Dünya azərbaycanlıları onilliklər ərzində Zəfərimiz naminə böyük fədakarlıq nümayiş etdirmişlər. Şanlı qələbəmizin nəticələrinin bundan sonra da həyatın bütün sahələrində davam etməsi üçün millət olaraq daha çox səy göstərməli, hələ də şovinist və məkrli niyyətlərindən əl çəkməyən erməni və ermənipərəst təhrikçilərin təbliğat və təxribatlarını, qarayaxma kampaniyalarını dəf etmək istiqamətində bütün qüvvəmizlə mütəşəkkil olmalıyıq. Bu reallığı nəzərdən qaçırmamalıyıq ki, Ermənistanın hərbi-siyasi dairələri, erməni kilsəsi və diasporu, habelə onları dəstəkləyən bəzi ölkələr və bədnam təəssübkeşləri erməni xalqını məqsədyönlü şəkildə revanşizmə və yeni müharibəyə kökləyir. 9 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli Bəyanatının imzalanmasından sonra işğaldan azad olunmuş ərazilərimizdə diversiyalar törədilir, torpaqlarımızda 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalar aşkar edilir.

Həmin Bəyanatın müddəalarında nəzərdə tutulduğuna baxmayaraq, Ermənistana məxsus hərbi birləşmələr Azərbaycan ərazisindən çıxarılmır, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış suveren ərazisi olan və humanitar məqsədlər üçün açıq olan Laçın yolu vasitəsilə yeni silah-sursat, minalar daşınır, qanunsuz şəkildə təxribatçılar göndərilir, separatçı rejim xaricdən dəstək alır. Azərbaycanın “Qızılbulaq” qızıl yatağı və “Dəmirli” mis-molibden yatağında qanunsuz istismar fəaliyyəti həyata keçirilir, talanmış təbii sərvətlərimiz ölkədən çıxarılır, ekologiyamız məhv edilir. Bütün bunlar haqlı olaraq Azərbaycan ictimaiyyətinin dərin narazılığına səbəb olur. Buna etiraz olaraq Azərbaycanın qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyətinin təmsilçiləri, ekoloqlar və gənclərin iki həftədən artıq Şuşa-Xankəndi yolunda davam edən dinc xarakterli aksiyası barədə Ermənistan, xüsusən, Eçmiədzin və Kilikiya kilsəsi tərəfindən yalan və böhtan xarakterli anti-Azərbaycan təbliğatı aparılır, “erməni blokadası, humanitar fəlakət”, “erməni xalqına qarşı etnik təmizləmə siyasəti” kimi qələmə verməyə çalışırlar və bəzi hallarda müəyyən siyasi-ictimai dairələrin məlumatsızlığı ucbatından bu yalan məlumatlara istinad edilir. Etiraz aksiyasının keçirildiyi yerdən çəkilən videolarda aydın görünür ki, humanitar yük daşıyan və təcili tibbi yardım maşınları sərbəst hərəkət edə bilir və aksiya keçirənlər tərəfindən buna heç bir maneə törədilmir. Azərbaycan dövlətinin dünya birliyi tərəfindən tanınan ərazisində yerləşən Laçın yolu ilə bağlı birmənalı mövqeyi bundan ibarətdir ki, bu yol hərbi və ya hər hansı qanunsuz fəaliyyət üçün deyil, mülki-humanitar məqsədlər üçün istifadə oluna bilər.

İşğal dövründə müharibə cinayətlərindən çəkinməyən, Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədən, şəhər və kəndlərimizi məqsədyönlü şəkildə yer üzündən silən, torpaqları qəsdən yandırıb yararsız hala salan, su hövzələrimizi zəhərləyən, qəbirstanlıqları dağıdan, məscidləri, kilsələri yerlə yeksan edən erməni vandalizminin izlərini bütün dünya görür. Bununla belə, türkofob və islamofob dairələr məkrli şəkildə Azərbaycana qarşı bütün dünyada qarayaxma kampaniyası aparırlar. Bunun qarşısını almaq, əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq işində dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq bütün dünya azərbaycanlılarını bir olmağa, Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə çağırıram. Beynəlxalq qurumlar müstəvisində, diplomatiya sahəsində, qlobal iqtisadi layihələr zəminində haqq, ədalət uğrunda mübarizə Vətənin nəfinə davam etməlidir. Azərbaycan naminə, millətimizin gələcək qələbələri naminə, beynəlxalq miqyasda daha böyük uğurlarımız naminə Uca Yaradanımızın buyurduğu kimi, bir olmaq, həmrəy olmaq zamanıdır!

Əziz həmvətənlər! Bir daha hamınızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə ürəkdən təbrik edir, hər birinizə, ailələrinizə səadət və uğur arzulayır, Uca Yaradandan xeyir-dualar diləyirəm. Qadir Allah hər zaman yardımçımız olsun, xalqımızı, müstəqil dövlətimizi və müdrik dövlət rəhbərimizi qorusun, Azərbaycanımızı hifz etsin! Amin!"