logo

207 uşaq övladlığa götürülüb

12:12 27-12-2022 | icon 903
207 uşaq övladlığa götürülüb

Bu il İraq və Suriyadan ümumilikdə 66 nəfər Azərbaycan vətəndaşı repatriasiya olunub. Onlardan 64 nəfəri Sosial Xidmətlər Agentliyinin tabeliyində olan sosial xidmət müəssisəsinə yerləşdirilib və sosial reabilitasiyayönümlü dəstək tədbirləri ilə əhatə olunublar. Ümumilikdə digər qurumlarla əməkdaşlıq çərçivəsində həmin kateqoriyaya aid şəxslərin yaşadığı 155 ailə ilə iş aparılır.

YeniAvropa xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov 2022-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında məlumat verib.

2019-cu il noyabrın 1-dən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunan övladlığagötürmə barədə danışan sədr deyib: “Övladlığagötürmə ilə əlaqədar 2020-ci ildə 157, 2021-ci ildə 378, 2022-ci ildə isə 364 müraciət daxil olub. Həmin dövrdə ümumilikdə 899 müraciət daxil olub. Qeyd edək ki, övladlığagötürmə sahəsində idarəetmə nazirliyə həvalə olunduqdan sonra 355 uşaq valideyn himayəsinə verilib. Onlardan 179-u oğlan, 176-sı qız uşaqlarıdır. Uşaqlardan 207–si bu il övladlığa verilib”.

Sədrin dediyinə görə, görülmüş reinteqrasiya tədbirləri nəticəsində ümumilikdə ötən dövrdə 240 uşaq ailəsinə qaytarılıb. Onlardan 94-ü qız, 146-sı oğlandır. Təkcə bu il ərzində 109 uşaq reinteqrasiya edilib. Bu il noyabrın 1-dən sonra 9-u oğlan, 9-u qız olmaqla 18 uşaq valideyn himayəsindən məhrum olan uşaqlar üçün müəssisəyə yerləşdirilib. Hazırda həmin müəssisələrdə 1563 uşaq var. Övladlığa verilməsi mümkün olmayan uşaqların sayı isə 66 nəfər təşkil edir.

Ümumiyyətlə, bu il sosial layihələr çərçivəsində 25 rayon və şəhəri əhatə edən sosial reabilitasiya mərkəzlərində 2500 nəfər 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, günərzi qayğı mərkəzlərində isə 1350 şəxsə xidmət göstərilib.