logo

Xırdalanda eyni mənzili bir neçə şəxsə satan vəzifəli şəxslər həbs edilib

10:50 27-12-2022 | icon 868
Xırdalanda eyni mənzili bir neçə şəxsə satan vəzifəli şəxslər həbs edilib

Çoxsaylı vətəndaş narazılığına səbəb olan “PROGRESS-2016” MTK-nın vəzifəli şəxsləri tərəfindən eyni mənzilin bir neçə şəxsə satılması faktlarına dair Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, istintaq zamanı “Hayan E” MTK-nın direktoru Nəsirov Rafiq Nəsib oğlu və “PROGRESS-2016” MTK-nın direktoru Səməndərov Emil Tofiq oğlu tərəfindən Abşeron rayonunun Xırdalan şəhəri, Rəsulzadə küçəsində inşa olunan yaşayış binasındakı mənzillərin müxtəlif şəxslərə satılmasına baxmayaraq, qanunsuz gəlir əldə etmək məqsədilə digər şəxslərə saxta sənədlər əsasında yenidən satılmasına dair əsaslı şübhələr müəyyənləşdirilib.

Cinayət işi üzrə 2022-ci il dekabrın 26-da Nəsirov Rafiq Nəsib oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq), 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü maddəsi (vəzifə saxtakarlığı), Səməndərov Emil Tofiq oğlu isə Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq), 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.