logo

"Qətər-2022" Lionel Messinin rekordları ilə yadda qaldı

23:13 18-12-2022 | icon 3997
"Qətər-2022" Lionel Messinin rekordları ilə yadda qaldı

Futbol üzrə Argentina millisi Qətərdə keçirilən dünya çempionatında Fransa yığmasını üstələyərək üçüncü dəfə dünya çempionu olub. Final matçı bir çox göstəricilərə görə Lionel Messi üçün əlamətdar olub.

 YeniAvropa xəbər verir ki, Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatlarındakı qolların sayına görə Braziliya yığmasının əfsanəvi hücumçusu Peleni geridə qoyub. O, buna Fransa ilə görüşdə dubla imza atmaqla nail olub. Hazırda hesabında 13 qol olan Messi, Jüst Fontenlə birgə dördüncü ən məhsuldar futbolçudur. Dünya çempionatlarında ən çox qol vuran futbolçular isə Miroslav Kloze (16), Ronaldo Nazario (15) və Gerd Müllerdir (14).

Final matçında start heyətində yer alan Messi mundiallar tarixində ən çox oyun keçirən futbolçu olub – 26 matç. O, uzun illər Lotar Matteusa məxsus olan rekordu yeniləyib. Almaniya millisinin sabiq üzvü mundiallarda 25 oyuna çıxmışdı.

Ulduz futbolçu dünya çempionatlarında meydanda olduğu dəqiqələrin sayına görə, İtaliya millisinin sabiq müdafiəçisi Paolo Maldinini (2 216 dəqiqə) geridə qoyub. Matçın startınadək Messidə bu göstərici 2 194 dəqiqə olub. O, Fransa ilə görüşün 23-cü dəqiqəsində Maldininin rekordunu yeniləyərək, mütləq rekordçuya çevrilib.

Argentina komandası 1978-ci və 1986-cı illərdə də dünya kubokunu qazanıb.