logo

Euro-2023”:Azərbaycan millisinin oyun təqvimi bəlli oldu

11:55 06-12-2022 | icon 3458
Euro-2023”:Azərbaycan millisinin oyun təqvimi bəlli oldu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin 2023-cü ildə keçiriləcək Avropa çempionatındakı oyunlarının təqvimi bəlli olub.

YeniAvropa  Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, Almaniyanın ev sahibliyi edəcəyi C qrupunda yer alan komandamız mübarizəyə avqustun 18-də başlayacaq. Ardıcıl 10-cu dəfə Avropa çempionatında iştirak edəcək yığmamızın rəqibləri Almaniya, Çexiya, Türkiyə, İsveç və Yunanıstan olacaq.

Millimiz “Euro-2023”də ilk oyununu Çexiya kollektivinə qarşı keçirəcək. Voleybolçular bir gün sonra ev sahibləri ilə üz-üzə gələcəklər.

Qrup mərhələsinin üçüncü turunda millimiz Türkiyə ilə qarşılaşacaq. Yarışın növbəti günündə istirahət edəcək komandamız avqustun 22-də Yunanıstanla münasibətlərinə aydınlıq gətirəcək. Yığma avqustun 23-də baş tutacaq qrupdakı sonuncu matçında isə İsveçə rəqib olacaq. Qrupda mübarizəyə bir gün sonra yekun vurulacaq.

Qeyd edək ki, qrupda ilk dörd yeri tutacaq kollektivlər növbəti mərhələyə yüksələcək.