logo

Tbilisidə Azərbaycanla Gürcüstan arasında ətraf mühütə dair Anlaşma Memorandumu imzalanıb

19:20 28-11-2022 | icon 1505
Tbilisidə Azərbaycanla Gürcüstan arasında ətraf mühütə dair Anlaşma Memorandumu imzalanıb

Tbilisidə səfərdə olan Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev noyabrın 28-də Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Otar Şamugiya ilə görüşüb.

YeniAvropa xəbər verir ki, görüşdə iki ölkənin müvafiq nazirlikləri arasında əməkdaşlığın inkişaf perspektivləri diqqət mərkəzində olub.

Otar Şamuqiya bildirib ki, ölkələrimiz arasında münasibətlər bütün istiqamətlərdə, o cümlədən ekologiya və kənd təsərrüfatı, ətrafın mühafizəsi sahələrində uğurla inkişaf edir.

Azərbaycan prezidenti İlham Əliyevin bu ilin oktyabr ayında Gürcüstana səfərini xatırladan O.Şamuqiya deyib ki, bu səfər çərçivəsində dövlət və hökumət başçılarının apardığı danışıqlar və əldə olunmuş razılaşmalar əməkdaşlığımızın bütün istiqamətlərdə inkişafına geniş imkanlar yaradıb.

M.Babayev Azərbaycanda ekologiya, ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı sahələrində həyata keçirilən irimiqyaslı layihələr barədə ətraflı məlumat verib.

Bildirilib ki, Azərbaycan ekoloji sahədə “Yaşıl platforma”nın yaradılması, Gürcüstana daha bir neçə ceyran sürüsünün bağışlanması, transsərhəd su hövzələrindən səmərəli istifadə, ətraf mühitin qorunması ilə bağlı yeni layihələr üzərində çalışır. Gürcüstanın da bu layihələrə qoşulması təkcə bizim ölkələrimiz və xalqlarımız üçün deyil, digər region ölkələri üçün də səmərəli olacaq.

M.Babayev, həmçinin Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin ölkənin qərb bölgələrində fındıq bağlarında aşkar olunan ziyanvericilərə qarşı mübarizə tədbirləri barədə məlumat verib, Gürcüstanın da bu mübarizəyə qoşulmasının vacibliyini vurğulayıb.

O, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində ekoloji problemlərin həlli sahəsində həyata keçirilən bərpa və yenidənqurma işləri barədə də ətraflı məlumat verib.

Söhbət zamanı hər iki ölkənin ərazilərində, transsərhəd zonalarda milli parkların, qorunan ərazilərin idarə olunması, mühafizəsi sahələrində əməkdaşlıq, bu sahədə birgə layihələrin hazırlanaraq həyata keçirilməsi və digər məsələlər diqqət mərkəzində olub.

Sonda Azərbaycan ilə Gürcüstan arasında Milli parkların və qorunan ərazilərin idarə olunması, təhqiqatı və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Sənədi Gürcüstanın Mühafizə Olunan Ərazilər Agentliyi və Azərbaycanın Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəhbərləri imzalayıblar.

M.Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın Ətraf Mühit üzrə Milli Agentliyində qurumun fəaliyyəti, həyata keçirdiyi layihələrlə tanış olub.