logo

Tovuzda Gənc sahibkarların III forumu keçirilib

14:34 22-11-2022 | icon 1659
Tovuzda Gənc sahibkarların III forumu keçirilib

Cari il üçün “Gənclər paytaxtı” seçilmiş Tovuz rayonunda gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin edən, onların intellektual və yaradıcılıq potensialını artıracaq tədbirlər təşkil olunur.

YeniAvropa xəbər verir ki, belə tədbirlərdən biri də noyabrın 22-də Gənclər və İdman Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən Gənc sahibkarların III forumudur.

Forumun keçirilməsində məqsəd gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, mövcud dövlət dəstəyi mexanizmləri barədə onların məlumatlandırılması, yeni imkanlar və çağırışlar barədə fikir və təkliflərinin öyrənilməsidir.

Gənc sahibkarların III forumunda dövlət qurumlarının, gənclər sahəsində fəaliyyət göstərən ictimai təşkilatların nümayəndələri və sahibkarlıq fəaliyyəti ilə məşğul olan, həmçinin bu sahəyə maraq göstərən gənclər iştirak ediblər.

Çıxışlarda bildirilib ki, Gənc sahibkarların forumları gənclərin məşğulluq prosesinə aktiv cəlb olunması, infrastruktur resurslarından səmərəli istifadə, gənclər üçün maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dəstək olan platformaya çevrilməkdədir.

“Gənc sahibkarlara dövlət dəstəyi: imkanlar və çağırışlar” panel müzakirələrin əsas başlığıdır. Müzakirələrdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, Sahibkarlığın İnkişafı Fondu, Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxsi və Dövlət Vergi Xidmətinin məsul əməkdaşları öz qurumlarının gənc sahibkarlarla bağlı həyata keçirdiyi işlər və sahibkarlara dövlət dəstəyi mexanizmləri barədə iştirakçılarla birgə müzakirələr aparıblar.

Daha sonra TEDx formatında “Maliyyə sektorunun gələcəyini texnologiya necə dəyişəcək”, “Sadə idarəetmə” mövzusunda təqdimatlar keçirilib.

Foruma respublikanın müxtəlif rayonlarından sahibkarlıqla məşğul olan 100-dən çox gənc qatılıb. Qeyd edək ki, Gənc sahibkarların I və II forumları müvafiq olaraq 2019-cu və 2021-ci illərdə Bakı şəhərində təşkil olunub.