logo

İstanbulda partlayış törədən terrorçu əmri kimdən aldığını açıqlayıb

17:57 17-11-2022 | icon 1645
İstanbulda partlayış törədən terrorçu əmri kimdən aldığını açıqlayıb

İstanbulun İstiqlal prospektində törədilən terror aktını həyata keçirən Ahlam Əlbəşirin ilkin ifadəsi yayımlanıb.

YeniAvropa xəbər verir ki, ifadəyə əsasən, onun bu ilin iyul ayında İstanbula gələrək "Taksim" meydanında kəşfiyyat işləri apardığı müəyyən edilib.

Terrorçu ifadəsində, YPG terror təşkilatı tərəfindən əvvəlcə ona Suriyanın Cerablus bölgəsinə getmək təklif olunduğunu, bundan imtina etdikdə isə Türkiyəyə getməsi ilə bağlı göstəriş verildiyini bildirib.

İfadəsində Türkiyəyə kiminlə və necə gəldiyini danışan terrorçu son dəfə "Taksim"də terror aktından 11 gün əvvəl olduğunu deyib.

O bildirib ki, partlayışın baş verdiyi gün terror təşkilatının digər üzvləri ilə birlikdə "Taksim"ə gedib və ona qəhvəyi çanta ilə ağ paket verilib. Təxminən 40 dəqiqə hadisənin törədildiyi yerdə oturub və sonra ona əlindəki əşyaları qoyub hadisə yerindən uzaqlaşması ilə bağlı əmr gəlib. Uzaqlaşdıqdan sonra partlayış baş verib.

Qeyd edək ki, ifadəsi alınan terrorçu bu gün səhər saatlarında ədliyyəyə göndərilib.

Xatırladaq ki, noyabrın 13-də İstanbulun Taksim meydanı yaxınlığındakı İstiqlal prospektində terror aktı törədilib. Hadisə nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb.