logo

Azərbaycan-ABŞ ticarət dövriyyəsi ilin sonunadək 0,5 milyard dollara çatacaq-Səfir

18:18 15-11-2022 | icon 1673
Azərbaycan-ABŞ ticarət dövriyyəsi ilin sonunadək 0,5 milyard dollara çatacaq-Səfir

Azərbaycan ilə ABŞ arasında qarşılıqlı ticarət dövriyyəsi 2022-ci ilin sonuna qədər yarım milyard dollara çatacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim "YouTube"da yayımlanan proqramda deyib.

“İqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyaya gəlincə, hazırda iş gedir. Ticari-iqtisadi əlaqələri inkişaf etdirmək üçün çalışırıq. İndiki rəqəmlər isə bizim daha intensiv işləməli olduğumuz çoxlu istiqamətlərin olduğunu göstərir”, - deyə o vurğulayıb.

Xəzər İbrahimin sözlərinə görə, koronavirus pandemiyası ABŞ ilə qarşılıqlı ticarət dövriyyəsinə mənfi təsir göstərib, lakin indi tərəflər iqtisadi əlaqələri bərpa etməyə çalışırlar.

“Əgər COVID-19-a qədər ABŞ və Azərbaycan arasında ticarət dövriyyəsi təxminən 800 milyon ABŞ dolları təşkil edirdisə, pandemiya zamanı digər ölkələrlə münasibətlərdə olduğu kimi ticarət dövriyyəsi azalıb. Düşünürəm ki, ilin sonuna qədər ticarət dövriyyəsi 500 milyon ABŞ dollarına çatacaq. Hazırda isə 400 milyondan bir qədər çoxdur”, - deyə diplomat qeyd edib.

Xəzər İbrahim bildirib ki, bir ay ərzində ABŞ-da iki böyük tədbir planlaşdırılıb: “Böyük kənd təsərrüfatı forumu keçiriləcək, oraya Azərbaycandan iş adamları gələcək. Müxtəlif şirkətlərdə, təsərrüfatlarda və sair görüşlər olacaq. Digər tədbir logistika və nəqliyyatla bağlıdır və Baltimorda keçiriləcək”.

Səfir qeyd edib ki, bu tədbirlərin keçirilməsində təşkilati və maliyyə dəstəyi USAID və Amerika-Azərbaycan Ticarət Palatası tərəfindən də həyata keçirilir.