logo

Dənizdə itkin düşən balıqçının axtarışlarına helikopter cəlb edilib

16:51 01-08-2018 | icon 3682
Dənizdə itkin düşən balıqçının axtarışlarına helikopter cəlb edilib

İyulun 31-də axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə daxil olmuş məlumata əsasən, iyulun 27-də Sumqayıt şəhəri ərazisindən balıq tutmaq məqsədilə qayıqla dənizə çıxmış iki nəfərdən biri - 1965-ci il təvəllüdlü Əhmədov Ziyəddin Əbdülrəhim oğlu geri qayıtmayıb.

FHN-dən YeniAvropa-ya verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən aparılan araşdırmalar zamanı müəyyən olunub ki, qayıq Xaçmaz rayonu yaxınlığında küləyin təsirindən çevrilib. Qayıqda olan 1976-cı il təvəllüdlü Fərəcullayev Zaur Orucəli oğlu iyulun 28-də gecə saatlarında Xəzər dənizinin Rusiyaya mənsub hissəsində “Rəsul Həmzətov” gəmisi tərəfindən aşkar edilib və gəmi heyəti tərəfindən göyərtəyə qaldırılıb. İyulun 29-da xilas olunan şəxs Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinə təhvil verilib.

Avqustun 1-də səhər saatlarında Ziyəddin Əhmədovun axtarışlarına başlanılıb. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu və Aviasiya dəstəsinin “Mi-17” helikopteri axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.